Daşınmaz əmlakın icbari sığortasının ödənişləri barədə məlumat verən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib ki, 25 min manatlıq təzminat üçün təyin olunan illik ödəniş hamı üçün əlçatandır: “Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilib. Regionlara görə sığorta haqqı müxtəlifdir. Sosial dövlət prizması ilə əlaqədar sığortanın bu növü də icbariləşdirilib. Yanğın və digər təbii fəlakətlər zamanı dövlət büdcəsinin üzərinə qəfil böyük risklər düşür. Əhaliyə dəyən ziyanı qismən də olsa qarşılamaq üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Dövlət də həm yeni iş yerləri yaradılması baxımdan, həm də dünya təcrübəsində sığortanın icbariliyi prinsipini daşınmaz əmlaka tətbiq etdi. Vətəndaşların hər biri sığortalanacaq. Sığorta haqları da böyük məbləğ deyil. Bakıda aylıq 4 manatdan bir qədər çox, bölgələrdə isə 2 manatdan bir qədər çox olan simvolik məbləğlər təşkil edir. Bu məbləğlər 15 min manatdan, 25 min manata qədər sığorta kompensasiyasının qarşılığında alınır. Ona görə də hesab edirəm ki, bu məsələ çox normal qəbul olunmalıdır və dövlət üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirir”.
İcbari sığortalar haqqında qanundan söz açan İlkin İbrahimov, aztəminatlı ailələrin daşınmaz əmlak üzrə sığorta haqlarının dövlət tərəfindən ödəniləcəyini qeyd edib: “Eyni zamanda aztəminatlı ailələr, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarla bağlı qanunda açıq-aydın nüanslar var. Məsələn, dövlət ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sığorta haqqını öz üzərinə götürüb. Bununla bağlı İcbari sığortalar haqqında qanunun 40.3-cü maddəsində qeyd olunur ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Burada icra hakimiyyəti orqanları dedikdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin filial və ya şöbələri nəzərdə tutulur. Həmin vətəndaşlar ƏƏSMN-nin yerlərdəki filial və ya şöbələrinə müraciət edib qeydiyyata düşməlidirlər. Həmçinin dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların da inzibati binalarının daşınmaz əmlak üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödənilir. Bununla bağlı isə ilin əvvəlindən aidiyyatı orqanlara məlumat verilir”.
Qeyd edək ki, yanvardan etibarən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslərin də cərimələnəcəyi gözlənilir. Cərimənin miqdarı isə 30 manat təşkil edəcək.
Vergilər qəzeti