Son illərdə dünyanın müxtəlif yerlərində texnologiya şirkətləri süni intellekt (Sİ) modellərinin təlimi və inkişafı üçün yeni məlumat emalı mərkəzlərinə (Data Center – DC) investisiya qoyuluşlarını sürətlə artırıblar. Bu barədə Beynəlxalq Enerji Agentliyi (BEA) dünya energetikasının inkişafına dair illik hesabatında yazır. Bu tendensiya nəticəsində 2025-ci ilin sonunda data-mərkəzlərə investisiyalar təxminən 580 milyard dollar təşkil edəcək, halbuki neft sənayesində bu rəqəm 540 milyard dollar olacaq.
Data-mərkəzlərin gücünün artması nəticəsində Sİ üçün optimallaşdırılmış serverlərin elektrik enerjisi istehlakı 2030-cu ilə qədər beş dəfə artacaq, data-mərkəzlərin ümumi elektrik tələbatı isə iki dəfə yüksələcək. BEA apreldə qiymətləndirmişdi ki, DC-lərin elektrik istehlakı 2030-cu ilə qədər iki dəfə artaraq 945 Tvt/saata (Yaponiyanın elektrik tələbatından bir qədər çox) çatacaq və 2035-ci ildə 1200 Tvt/saata yüksələcək. Bu sürətli artıma baxmayaraq, 2024–2030-cu illərdə dünyada elektrik enerjisi tələbatındakı ümumi artımın 10%-dən azı DC-lərin payına düşəcək, lakin bu artım coğrafi olaraq çox cəmləşmiş olacaq.
“Son onilliyin tendensiyasından fərqli olaraq, elektrik enerjisi istehlakının artımı artıq inkişaf etməkdə olan bazarlarla məhdudlaşmır. Data-mərkəzlər və süni intellekt tərəfindən formalaşan sürətli tələbat artımı inkişaf etmiş ölkələrdə də elektrik istehlakını artırır”, — deyə agentlik analitikləri bildirirlər.
Hazırda dünya üzrə data-mərkəzlərin gücünün təxminən 82%-i ABŞ, Çin və Avropada yerləşir. Növbəti on il ərzində yeni güclərin 85%-dən çoxunun məhz bu regionlarda yaranacağı gözlənilir. Eyni zamanda Çin və Avropa İttifaqında data-mərkəzlər 2030-cu ilə qədər elektrik enerjisi tələbatındakı artımın 6–10%-ni, ABŞ-də (dünyanın ən böyük DC bazarı) isə təxminən 50%-ni təmin edəcək.
BEA qeyd edir ki, geohəcm təhlilinə əsasən, tikilən və ya elan edilən data-mərkəzlərin yarıdan çoxu əhalisi 1 milyondan çox olan şəhərlərdə və ya onların yaxınlığında yerləşir, çünki həmin bölgələrin şəbəkələri artıq böyük yüklərə uyğunlaşdırılıb. Hazırda tikilməkdə olan DC-lərin 55%-dən çoxu 200 MVt-dan artıq gücə malikdir və tam işə düşdükdən sonra ildə 200 min ev təsərrüfatının istehlak etdiyi qədər elektrik enerjisi sərf edəcək. Bundan başqa, gələcək data-mərkəzlərinin təxminən üçdə ikisi artıq mövcud hesablamalar klasterlərinin yerləşdiyi bölgələrdə salınır.
BEA bildirir ki, data-mərkəzlərin sürətli inşası müəyyən çətinliklərlə müşayiət olunur. İlk növbədə bu, enerji şəbəkələrinin yüklənməsi və qoşulma növbələrinin uzanması ilə bağlıdır. Hazırda ABŞ-də şəbəkəyə qoşulmaq üçün orta gözləmə müddəti bir–üç il, Şimali Virciniyada isə yeddi ilə qədərdir. Böyük Britaniya və Avropanın bəzi bölgələrində gözləmə müddəti yeddi–on ilə çatır. Dublin şəhərində yeni data-mərkəzlərin şəbəkəyə qoşulması üzrə ərizə qəbulu 2028-ci ilə qədər dayandırılıb. Bundan əlavə, transformatorlar, kabellər, qaz turbinləri və kritik minerallar kimi əsas komponentlərin təchizat zəncirləri də ciddi təzyiq altındadır. BEA-nın analizinə görə, bu amillər səbəbilə 2030-cu ilə qədər tikilməsi proqnozlaşdırılan data-mərkəzlərin təxminən 20%-i gecikmə riski ilə üzləşə bilər.
Elektrik enerjisi tələbatının ödənilməsinə gəlincə, data-mərkəzlərin əksəriyyəti ümumi elektrik şəbəkəsinə qoşulduğu üçün onların istehlak strukturu yerləşdikləri regionun enerji balansını əks etdirir. Lakin geniş mənada BEA-nın proqnozuna əsasən, artan elektrik tələbatının ödənilməsində əsas rol yenilənə bilən enerji mənbələrinə məxsus olacaq. Baza ssenariyə görə, 2035-ci ilə qədər artımın 45%-i, yəni təxminən 400 Tvt/saat yenilənə bilən enerji hesabına təmin ediləcək.
Təbii qaz da mühüm rol oynayacaq, xüsusən ABŞ və Yaxın Şərq kimi bazarlarda. Data-mərkəzlər üçün qazdan istehsal edilən enerji 2035-ci ilə qədər 220 Tvt/saat artacaq. Eyni zamanda, son iki ildə qaz turbinlərinə tələbatın kəskin artması təchizat zəncirlərinə əlavə yük yaradıb, gözləmə müddətini və çatdırılma xərclərini artırıb.
Sonda, atom enerjisi də az əhəmiyyət daşımır — 2035-ci ilə qədər DC-lər üçün əlavə 190 Tvt/saat elektrik enerjisi məhz atom generasiyası hesabına təmin olunacaq.







