24 C
Baku
Thursday, June 26, 2025

Davamlılıq və Dayanıqlılıq: birlikdə işləyən amma fərqli məfhumlar

WhatsApp Image 2022 02 14 at 14.59.13
Fuad Kələşli

Son illərdə davamlılıq anlayışı qlobal səviyyədə diqqət mərkəzinə çıxmış, siyasətlərin, təhsil proqramlarının, korporativ strategiyaların və beynəlxalq inkişaf planlarının əsas sütunlarından birinə çevrilmişdir. Əvvəlcə əsasən iqlim və ətraf mühit sahəsində istifadə olunan bu termin, artıq iqtisadi inkişaf, sosial ədalət və ekoloji tarazlığı təmin edən universal bir konsepsiya kimi qəbul edilir. Davamlılıq, hökumətlərdən, şirkətlərdən və cəmiyyətlərdən planetimizin və gələcək nəsillərin rifahını qorumaq üçün daşıdıqları məsuliyyəti ifadə edən vacib bir prizmaya çevrilmişdir.

Davamlılıqla bağlı bu yeni yanaşmalar və təcrübələr müxtəlif sahələrdə öz təsirini göstərərək həm ekoloji, həm də sosial və iqtisadi sahələrdə köklü dəyişikliklərə yol açır. Hökumətlər karbon emissiyalarını azaltmaq üçün genişmiqyaslı planlar həyata keçirir, şəhərsalma mütəxəssisləri enerji sərfiyyatını minimuma endirən yaşıl bina standartlarını tətbiq edir, iqtisadçılar isə tullantıların azaldılması və resursların daha səmərəli istifadəsi üçün dairəvi iqtisadiyyat prinsiplərini önə çəkirlər. Beləliklə, davamlılıq artıq yalnız nəzəri bir anlayış olmaqdan çıxaraq, real həyatın bütün sahələrinə nüfuz edən və gələcəyimizin təminatı kimi qəbul edilən əsas prinsiplərdən birinə çevrilmişdir.

Beynəlxalq səviyyədə isə BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) qlobal səyləri birləşdirərək yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi kimi böyük çağırışları 2030-cu ilə qədər həll etməyə yönəlmiş aydın və praktik bir yol xəritəsi təqdim edir. Transmilli şirkətlər isə karbon neytrallığına çatmaq və sosial-ekoloji təsirlərini şəffaf şəkildə açıqlamaq öhdəliyi götürürlər. Paralel olaraq, müxtəlif şəhərlər innovasiya və sosial ədaləti birləşdirərək, ekoloji cəhətdən davamlı və ağıllı şəhər modellərinə çevrilmək üçün rəqabət aparırlar.

Buna baxmayaraq, davamlılıq anlayışı tez-tez yanlış başa düşülür və ya əlaqəli anlayışlarla, xüsusilə də yeni tətbiq olunan ölkələrdə qarışdırılır. Azərbaycan buna nümunədir: burada “dayanıqlılıq” termini həm “sustainability” (davamlılıq), həm də “resilience” (dayanıqlılıq) mənasında istifadə olunur. Bu anlayışlar əlaqəlidir, lakin onların fərqli mənaları və funksiyaları var. Davamlılıq, əsasən, sistemlərin və resursların uzun müddət qorunub saxlanılması və gələcək nəsillərin ehtiyaclarının ödənilməsi ilə bağlıdır. Dayanıqlılıq isə qısa müddətli zərbələrə qarşı reaksiyanı, uyğunlaşmanı və bərpa olma qabiliyyətini ifadə edir. Bu iki anlayışın fərqini başa düşmək çox vacibdir, çünki davamlılıq məqsədlərinə çatmaq üçün dayanıqlılıq əsas şərtdir. Başqa sözlə, davamlılıq uzunmüddətli hədəflərə yönəlib, dayanıqlılıq isə bu hədəflərin qorunması və davam etdirilməsi üçün sistemin sabitliyini təmin edir.

Dayanıqlılıq davamlılığın əsas və əvəzolunmaz şərtidir. Bugünkü mürəkkəb və sürətlə dəyişən dünyada sistemlərin yalnız uzunmüddətli planlar və məqsədlər üzərində qurulması kifayət etmir. Eyni zamanda, bu sistemlərin qarşılaşdığı müxtəlif təhdidlərə, böhranlara və gözlənilməz hadisələrə qarşı çevik və dayanıqlı olması tələb olunur. Dayanıqlılıq sistemlərin şoklara qarşı müqavimət göstərmə, öz funksiyalarını bərpa etmə və dəyişən şəraitə uyğunlaşma qabiliyyətidir. Bu xüsusiyyət olmadan davamlılıqla bağlı hədəflərə çatmaq mümkün deyil.

Məsələn, iqlim dəyişikliyinin yaratdığı fəlakətlər şəhər infrastrukturlarına ağır zərbə vurur. Dayanıqlı şəhərlər bu kimi zərbələrdən sonra tez bir zamanda bərpa olunur, xidmətlər davam edir və sakinlərin həyat keyfiyyəti qorunur. Əks halda, zərər böyük olur, bərpa prosesi uzun çəkir və sosial-iqtisadi həyat ciddi şəkildə pozulur. Digər bir misal, kənd təsərrüfatı sektorunda dayanıqlılıq məhsuldarlığın iqlim dəyişikliyindən, quraqlıqdan və digər təbii dəyişikliklərdən asılı olmayaraq müəyyən səviyyədə qorunmasını təmin edir. Bu isə qida təhlükəsizliyi və sosial sabitlik üçün həyati önəmə malikdir. Yalnız məhsuldarlığı artırmaq və ya resursları qorumaq kifayət deyil, bu sahələr eyni zamanda dəyişən şəraitə uyğunlaşmalı, yeni texnologiyaları və yanaşmaları tətbiq etməli, riskləri minimuma endirməlidir. Bu məqamda dayanıqlılıq davamlılığın praktik zəminini təmin edir.

Bu fərqin şirkətlərin fəaliyyətində özünü necə göstərdiyini daha yaxşı anlamaq üçün, dayanıqlılığın korporativ dünyada konkret nümunələrlə necə tətbiq olunduğuna və onun davamlılıq strategiyalarında hansı rolu oynadığına nəzər salaq. Beləliklə, şirkətlərin gündəlik işlərində dayanıqlılığın önəmini və praktik əhəmiyyətini daha dərindən qiymətləndirə bilərik. Davamlılıq əsasən şirkətlərin uzunmüddətli perspektivdə iqtisadi, sosial və ekoloji tələblərə uyğun fəaliyyət göstərməsini, gələcək nəsillərin ehtiyaclarını nəzərə almasını nəzərdə tutur. Bu, resursların qənaətli istifadəsi, ətraf mühitə təsirin minimallaşdırılması, sosial ədalətin təminatı və etik idarəçilik kimi aspektləri əhatə edir. Lakin bu məqsədlərə çatmaq üçün şirkətlərin dayanıqlı olması, yəni gözlənilməz dəyişikliklərə, böhranlara, iqtisadi-sosial və ekoloji təhdidlərə çevik reaksiya vermək, riskləri idarə etmək və tez bərpa olunmaq qabiliyyətinə malik olması vacibdir. Məsələn, son illərdə qlobal iqtisadiyyatda yaşanan pandemiya, təbii fəlakətlər və tədarük zəncirindəki pozuntular şirkətlərin dayanıqlılıq səviyyəsinin nə qədər vacib olduğunu göstərdi. Dayanıqlı şirkətlər bu kimi şoklardan daha az zərər görür, əməliyyatlarını tez bərpa edir və müştərilərinə xidmətlərini davam etdirirlər. Belə şirkətlər riskləri qabaqcadan müəyyənləşdirir, çevik idarəetmə sistemləri qurur və müxtəlif ssenarilərə hazırlıqlı olurlar. Qeyd edilməlidir ki, dayanıqlılıq şirkətlər üçün yalnız böhran zamanı deyil, eyni zamanda davamlılıq strategiyalarını uğurla həyata keçirmək üçün də vacibdir. Məsələn, yaşıl enerji proqramları, tullantıların azaldılması və sosial məsuliyyət layihələri kimi təşəbbüslər dayanıqlılıq olmadan davamlı ola bilməz. Dayanıqlı şirkətlər bu təşəbbüsləri davam etdirərək bazardakı dəyişikliklərə çevik reaksiya verə, yeni imkanları dəyərləndirə və rəqabət qabiliyyətini qoruyurlar. Dayanıqlılığın əldə edilməsi üçün şirkətlərdə risk idarəetməsi sistemlərinin yaradılması, çevik qərarvermə proseslərinin təşkili, əməkdaşların davamlı təlim və hazırlıq proqramlarından keçməsi, innovativ texnologiyaların tətbiqi və davamlı monitorinq vacibdir. Həmçinin, şirkətlərin daxili və xarici əlaqələrində şəffaflıq və əməkdaşlıq dayanıqlılığı gücləndirən əsas amillərdəndir.

Bir sözlə, davamlılıq yalnız uzaq gələcəyə yönəlmiş məqsədlər deyil, bu gün qarşıya çıxan çətinliklərə necə reaksiya verdiyimizlə də sıx bağlıdır. Əgər bir sistem – istər iqtisadi, istər sosial, istərsə də institusional – zamanın sınaqlarına tab gətirə bilmirsə, onun gələcəyi planlaşdırmaq imkanı da məhduddur. Dayanıqlılıq burada əsas rol oynayır, bu sadəcə böhran anlarında sağ qalmaq deyil, eyni zamanda dəyişən reallıqlara uyğun şəkildə inkişaf edə bilmək bacarığıdır. Davamlılıq ancaq belə hallarda real və davam etdirilə bilən bir strategiyaya çevrilir.

Məhz bu səbəbdən, müasir dövrdə istənilən şirkət və ya institut üçün əsas sual təkcə “Davamlı olmağı necə planlayırıq?” deyil, həm də “Davamlı qalmaq üçün nə qədər dayanıqlıyıq?” sualı olmalıdır. Azərbaycanın iqtisadi və institusional mühitində bu iki anlayışın fərqinin düzgün başa düşülməsi və inteqrasiyası, yalnız şirkətlərin deyil, bütövlükdə ölkənin davamlı gələcəyinin formalaşması baxımından həlledici əhəmiyyət daşıyır.

Fuad Kələşli, CFE, ORM

Son xəbərlər
Digər xəbərlər