Son aylar “Whatsapp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında çoxsaylı vətəndaşların aldanılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə müraciətlər daxil olub.
Banker.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilən müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, bir neçə ay əvvəl “Vahid” adlı şəxs tərəfindən “Whatsapp” mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradılıb.
Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb. Baş İdarə əmədakdaşları tərəfindən keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşları onlayn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri təşkil edən şəxslərə, həmçinin “yatırım” adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırırq.