Azərbaycanda, Bakı da daxil olmaqla şəhər ərazilərində yaşayan zəngin 20% əhalinin 40%-nin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20% əhalinin isə 11%-nin ali təhsil almaq imkanı var. Ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, kəndlə şəhər arasında fərq 4 dəfəyə yaxındır.
Banker.az bildirir ki, bunu ekspert Rövşən Ağayev Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatının nəticələrinə dair şərhində deyib.
O, bildirir ki, həmin tədqiqatda Azərbaycanda ən zəngin 10% əhali ən yoxsul 10%-lə müqayisədə sağlamlıqlarına 8 dəfə artıq vəsait xərcləyir.
Bu 2 faktı onu göstərir ki, ölkədə həm yoxsulluğun gerçək miqyasının, həm də qeyri-bərabərlik əmsalının (Gini) ölçülməsi ilə bağlı rəsmi strukturlar öz fəaliyyətlərinə ciddi korrektlər etməlidirlər. Nəticəli, gələcəyə ünvanlanan və keyfiyyətli sosial-iqtisadi siyasət ölçmənin və diaqnostikanın düzgün qurulmasından başlayır. Məşhur misalda deyildiyi kimi, getdiyin yol yanlışdırsa, hansı sürətlə getməyinin (bizim misalda hansı miqdarda pul xərcləməyinin) əhəmiyyəti yoxdur. Hərçənd ki, bençmarkinq göstəriclərlə müqayisə edəndə, elə böyük pul da xərclənmir.
Ekspert deyir ki, ikinci diqqət çəkən məqam odur ki, Azərbaycanda ali təhsillə ümumi əhatə əmsalı 23% olmaqla Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır..
“Dünya Bankı sıradan bir təsisat deyil, faktlarının mötəbərliyi şübhə altına alına bilməz.” -deyə iqtisadçı deyir.