DeepSeek $71 mlrd. qiymətləndirmə ilə yeni maliyyələşdirmə raundu keçirməyi planlaşdırır

Çinin DeepSeek startapı əvvəlki maliyyələşdirmə raundunu başa vurduqdan cəmi bir ay sonra yeni investisiya raundu keçirmək imkanını nəzərdən keçirir. Bu barədə Financial Times məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, DeepSeek bu həftə investorlarla ilkin danışıqlara başlayıb. Yeni maliyyələşdirmə raundunda şirkətin cəlb ediləcək vəsait nəzərə alınmadan təxminən 71 milyard dollar dəyərində qiymətləndirilməsi mümkündür. Bu isə startapın hazırkı qiymətləndirməsindən təxminən 37% yüksəkdir.

Mənbələrin sözlərinə görə, sövdələşmənin yekun şərtləri hələ müəyyən edilməyib.

DeepSeek ilk maliyyələşdirmə raundunu iyun ayında tamamlayıb. Şirkət 50 milyard dollardan çox qiymətləndirmə ilə 7,4 milyard dollardan artıq vəsait cəlb edib və bununla da Çində süni intellekt sahəsində ən yüksək dəyərə malik startapa çevrilib.

Financial Times bildirir ki, şirkətin qısa müddət ərzində yenidən maliyyə cəlb etmək istəyi öz məlumat emalı mərkəzinin (data center) tikintisi və əlavə süni intellekt çiplərinin alınması üçün kapital xərclərinin artacağı gözləntiləri ilə bağlıdır.

Bundan əlavə, DeepSeek avtonom süni intellekt agentləri üzərində işləyir ki, bu da daha böyük hesablama gücü tələb edir.

DeepSeek 2025-ci ilin əvvəlində öz süni intellekt modelini təqdim etdikdən sonra qlobal miqyasda tanınıb. Startapın iddiasına görə, model imkanlarına görə OpenAI və Anthropic məhsullarından geri qalmır, eyni zamanda onun hazırlanması xeyli ucuz başa gəlib.

Financial Times qeyd edir ki, son aylarda Çində süni intellekt sahəsində rəqabət əhəmiyyətli dərəcədə güclənib. Zhipu və Moonshot kimi şirkətlər də yenilənmiş modellərini təqdim ediblər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər