Daha az resurs və vəsait istifadə etməklə, yüksək nəticə əldə edən düşünmə qabiliyyətinə malik R1 süni intellekt modeli ilə Silikon Vadisində şok effekti yaradan Çin startapı “DeepSeek” güclü server çatışmazlığı səbəbindən özünün APİ xidmətinə girişə məhdudiyyəti qoyduğunu elan edib.
“DeepSeek” saytında istifadəçilərə APİ-nin dayandırılması barədə xəbərdarlıq edilib.
Bu addım şirkətin servisləri üçün neqativ təsirlərdən uzaq durmaq məqsədilə atılır. Şirkətdən bildirilib ki, balansda olan bütün mövcud vəsaitlər qorunub saxlanılacaq.
Aşağı tarifləri ilə bəzi rəqiblərini narahat edən “DeepSeek” bildirib ki, süni intellekt modelindən istifadə rüsumlarına təqdim olunan endirimlərin müddəti fevralın 8-də bitir. Ondan sonra süni intellekt üzərində qurulmuş çat-botdan istifadəyə görə daxil olan 1 milyon tokenin tarifi 2 yuan (0,27 dollar), 1 milyon çıxış tokenlərin tarifi isə 8 yuan (1,10 dollar) təyin olunacaq. Əgər məntiqi nəticələr çıxara bilən yeni AI modeli işə salınarsa, tariflər dəyişərək daxil olan 1 milyon token üçün 4 yuan (0,55 dollar), 1 milyon çıxış tokeni üçün isə 16 yuan (2,19 dollar) təşkil edəcək.