10 C
Baku
Wednesday, December 11, 2024

DeFi maliyyəsi

DeFi maliyyəsi hazırda blokçeyn və kriptovalyuta sənayesinin sürətlə inkişaf edən və ən çox müzakirə edilən sektorlarından biridi. DeFi (Decentralization Finance) – blockchain texnologiyası əsasında qurulmuş xidmətlər və tətbiqetmələr şəklində olan maliyyə alətləridir.

Mərkəzləşdirilməmiş maliyyənin əsas vəzifəsi bank sektoruna alternativ olmaq və mövcud maliyyə sisteminin ənənəvi texnologiyalarını açıq mənbəli protokollarla əvəz etməkdir. DeFi-nin hədəfi beynəlxalq bank sistemini müstəqil və daha şəffaf etməkdir. 2008-ci ildəki qlobal maliyyə böhranından sonra müasir maliyyə sisteminə etibar məsələsi xüsusilə kəskinləşdi. Əsasən də banklara inam azaldı, hansı ki, müəyyən siyasətə tabe olan bir qrup insanlar tərəfindən idarə olunur. İdarəetmədə insan faktorunun olması isə bacarıqsız menecment, səhv proqnozlaşdırma və korrupsiya risklərini artırır. Maliyyə böhranı ənənəvi maliyyə sisteminin çatışmamazlıqlarını üzə çıxardı və mərkəzi idarəetməsi olmayan bir maliyyə sistemin yaradılmasına zəmin yaratdı. 

Mərkəzləşdirilməmiş maliyyə (və ya sadəcə DeFi) blockchain şəbəkələri əsasında qurulmuş maliyyə tətbiqetmələri ekosisteminə istinad edir. DeFi, müstəqil bir məhsul və ya şirkət deyil, DeFi – banklar, sığorta şirkətləri, istiqraz və pul bazarları kimi maliyyə qurumlarını əvəz edən məhsul və xidmətlər toplusudur. İdeya ondan ibarətdir ki, internetə çıxışı olan istənilən şəxs vasitəçi olmadan borc almaq, borc vermək və digər maliyyə xidmətlərindən istifadə etmək imkanı əldə etsin. Mərkəzi idarəetməsi olmayan maliyyə tətbiqləri istifadəçilərə xidmətlərini birləşdirmək üçün əlavə imkanlar da yaradır. DeFi – mərkəzləşdirilməmiş sistemlərə və şəbəkələrə əsaslanan yeni maliyyə alətləri dəsti kimi müəyyən edilə bilər. Hansı ki, hazırda əsasən blockchain və ethereum smart müqavilələrdən istifadə edən bir platforma kimi düşünmək olar. Bəzən bu uyğunlaşma səbəbindən DeFi tətbiqetmələrinə pul “LEGO”-ları da adlandırırlar.

DeFi, internet və blockchain texnologiyasının yaratdığı imkanlar əsasında mümkün olan ən optimal maliyyə sistemi mühitinin yaradılması üçün 2 əsas xüsusiyyətə malikdir:

 

Mərkəzsizləşdirmə və özünüidarəetmə

 

DeFi-də mərkəzləşdirilmiş idarəetmə strukturları yoxdur. Biznes əməliyyatları aparmaq qaydaları iştirakçı tərəflər arasında əvvəlcədən smart müqavilədə qeyd edilir. DeFi protokolları kod sətri kimi yazılır və hər bir şəbəkə iştirakçılarına ayrı-seçkilik etmədən bərabər münasibət göstərdiyindən kodu aldatmaq mümkün deyil. Kod tam olaraq proqramlandığı kimi işləyir və hər hansı bir səhv aşkarlanarsa bu tez bir zamanda ortaya çıxacaqdır. Smart müqavilə işə salındıqdan sonra DeFi tətbiqi minimal dərəcədə insan müdaxiləsi və ya ümumiyyətlə qıraqdan müdaxilə olmadan öz-özünə işləyə bilir.

 

Şəffaflıq və əlçatanlıq

Dünya Bankının hesablamalarına əsasən hazırda dünyada 1.7 milyarddan çox insanın heç bir maliyyə təşkilatında hesabı yoxdur. Bunlar əsasən aşağı gəlirli insanlardır və bank hesabının olmamasının əsas səbəbləri yoxsulluq, coğrafi çətinlik və banklara etibar məsələləridir. DeFi isə bu 1.7 milyard insanın maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırma potensialına malikdir. Mərkəzləşdirilməmiş maliyyə tətbiqetmələrinə daxil olmaq üçün mobil telefon və internet bağlantısı kifayət edir. DeFi çoğrafi mövqeyindən və siyasi baxşlarından aslı olmayaraq hər kəs üçün sərfəli maliyə resurslarına çıxışı təmin edir. DeFi protokollarının mənbə kodu şəffafdır və audit üçün açıqdır. Bütün əməliyyatlar publik xarakter daşıyır. Bu faktor smart müqavilənin funksionallığını anlamağa və səhvləri operativ müəyyən etməyə imkan verir. DeFi ekosistemində istənilən şəxs müstəqil olaraq tətbiq yarada və istifadə edə bilər. Ənənəvi maliyyə sektorundan fərqli olaraq burada mürəkkəb formaların doldurulmasını tələb edən hər hansı tənzimləyici və ya nəzarətçilər yoxdur. İstifadəçilər elektron cüzdanlar vasitəsi ilə birbaşa smart müqavilələrlə inteqrasiya olunur.

Ənənəvi maliyyə sistemi banklara və mübahisəli məsələlərin həllini təmin edən məhkəmələrə əsaslanır. DeFi-də isə məhkəmə və digər vasitəçilərə ehtiyac yoxdur. Smart müqavilələr mümkün olan hər bir mübahisənin həllini qabaqcadan müəyyənləşdirir və istifadəçilər də öz növbəsində bütün vəsaitlərini nəzarət altında saxlayırlar. Bitcoin və ethereum DeFi-nin ilk tətbiqetmələridir. Hər iki kriptovalyuta mərkəzləşdirilimiş idarəetmə sistemi olmayan böyük kompüter şəbəkələri tərəfindən idarə olunur. Bitcoin bir çox investor tərəfindən inflyasiyadan qorunmaq üçün investisya aləti kimi istifadə edilir. Ethereum isə startuplar üçün kollektiv maliyyələşdirmə üçün faydalı vasitədir.

İlk DeFi tətbiqi Rune Christensen tərəfindən qurulan MakerDAO-dur. MakerDAO ethereum blockchain-nə əsaslanan və hər hansı bir vasitəçi olmadan rəqəmsal aktivlərin depozitə götürüləsi və kreditləşməsi üçün yaradılmış bir xidmətdir. MakerDAO smart müqavilə və kreditlərin dəyərini tənzimləyən iki (DAI və MKR) valyutadan ibarətdir.

Hazırda DeFi seqmentinin bazar kapitalizasiyası 8 milyard dollarla ümumi kriptovalyuta bazarının 2.5%-ni təşkil edir. DeFi üzrə bazar həcmi və ya bazar kapitalizasiyası deyərkən müvafiq protokolların təminatı (girov) kimi smart müqavilələrdə saxlanılan vəsaitin miqdarı və protokolların idarə edilməsində səs vermək hüququ verən tokenlərin dəyəri kimi başa düşülür. DeFi bazarının kapitalizasiyasını daima yeniləyən və əsas kateqoriyalarını təqdim edən ən yaxşı barometr – DeFiPulse.com saytıdır. Treyderlər və investorlar arasında ən populyar olan DeFi tokenlər: Chainlink (LINK), yEarn Finance (YFI), Aave (LEND), Maker (MKR), Synthetix (SNX), Compound (COMP) və Wrapped BTC (WBTC). 2020-ci ilin əvvəlindən başlayaraq bu tokenlərin dəyəri və birjalardakı ticarət həcmi dəfələrlə artmışdır. Buna misal olaraq yEarn Finance (YFI) tokenini göstərmək olar. Cari ilin iyulun 18-də yaradılarkən dəyəri 32 dollar olan bu token avqusutun 30-u 38.883 dollara qədər dəyər (+121.500%) qazandı. yEarn Finance hazırda rəqəmsal aktivlər arasında dəyərinə görə ilk kriptovalyuta olan bitcoin-dən baha qiymətə ticarət olunan yeganə tokendir. 

DeFi maliyyəsinin əsas üstün cəhətləri:

  • DeFi tətbiqlərinin əsas üstünlüyü adındadır – Mərkəzsizləşdirmə! Bunun sayəsində ekosistem üzərində nəzarət istifadəçilər arasında bərabər paylanır. Həddindən artıq tənzimləmə və vasitəçi yoxdur, əməliyyatlar şəffaf və sürətli icra olunur. 
  • DeFi tətbiqləri səsvermə və smart müqavilələr ilə idarə olunur. Smart müqavilələr ekosistemdə tərəflər arasında “oyun” qaydalarını yaratmağa imkan yaradır və qəbul edilmiş qanunun aliliyini təmin edir.
  • Açıq mənbə. Opensource protokollarından istifadə edən xidmətlər hazırda daha etibarlı hesab edilir. Onları asanlıqla yoxlamaq, yenidən işləmək və digər xidmətlərlə inteqrasiya etmək olar. 

DeFi-nin maliyyə konsepsiyası rəqəmsal aktivlərin qlobal maliyyə bazarına inteqrasiyasını asanlaşdırmaqla ənənəvi maliyyə və siyasi sistemlərdən təsirlənməyən bir maliyyə xidmətləri təqdim etməyi hədəfləyir. Bu, daha şəffaf maliyyə sistemi yaratmağa və istifadəçilərə irqi, dini, yaş, siyasi və coğrafi mövqeyinə görə heç bir məhdudiyyət qoyulmadan müxtəlif maliyyə alətlərindən istifadə etmək imkanı yaradacaq. DeFi bazarının necə inkişaf edəcəyini zaman göstərəcək. Bitcoin 2009-cu ildə maliyyə böhranına cavab olaraq yaradılmışdırsa, DeFi 2020-ci ildə koronavirus pandemiyasının təsirini azaltmaq bəhanəsi ilə mərkəzi bankların kütləvi pul çap etməsinə qarşı bir mübarizə elementi kimi də çıxış edə bilər. Lakin DeFi maliyyə sisteminin gələcəkdə nə qədər effektiv olacağını və ümumiyyətlə mərkəzi idarəetmə orqanı olmayan bir maliyyə sisteminin cəmiyyət tərəfindən necə qəbul ediləcəyini indiki zamanda qiymətləndirmək çətindir. Bununla belə hesab edirəm ki, mərkəzləşdirilməmiş maliyyə xidmətləri bazarının meydana gəlməsi irəliyə doğru böyük bir sıçrayışdır və kriptovalyuta sənayesi və blockchain texnolojiyası sektrouna marağı stimullaşdıracaq. 

Müəllif: Elnur Quliyev

Son xəbərlər
Digər xəbərlər