Defolt – borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. Defoltun elan edilməsi dövlətin iqtisadi və maliyyə siyasətinə, hər hansı bir təşkilata və yaxud fərdi bir şəxsə şamil edilə bilər. İlk dəfə “defolt” anlayışı İngiltərədə istifadə olunub və hərfi mənada “öhdəliklərin yerinə yetirilməməsi” mənasını ifadə edirdi.
Defoltun səbəbləri:
Defolt yarada biləcək səbəblər sonsuz şəkildə ola bilər. Bu böyük bir iflasa gətirib çıxaran ən kiçik səhvdən tutmuş, rəqibin dayanıqlığını yox etmək üçün rəqiblər tərəfindən görülmüş tədbirlərə qədər ola bilər. Maliyyə və iqtisadiyyat sahəsində istənilən düşünülməmiş, yalnış addım gözlənilməz anda iflası yaxınlaşdıra bilər.
Defoltun növləri:
Texniki defolt – borcalanın ödəməmək üçün heç bir səbəbi olmadığı halda kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi vəziyyətdir. Borcalan əksər belə hallarda öz hərəkətlərinin səbəbini izah etmir. Texniki defoltun əsas səbəbi borcalanın kredit üzrə ümumi borc və faizlərin ödənməsinə qarşı göstərdiyi həvəssizlikdir. Ümumilikdə isə kreditor borcalan şəxsə kredit müqaviləsi şərtlərinin hər hansı birinin yerinə yetirilməməsinə görə texniki defolt elan edə bilər.
Korporativ defolt – buraxılmış istiqrazlar üzrə faiz dərəcələrinin və yaxud kredit ödənişlərinin həyata keçirilməməsi halıdır. Korporativ defolt subyekti isə şirkətlər, fərdi şəxslər və yaxud dövlət ola bilər. Defoltun bu növündə müflis olmuş şəxs mahiyyət etibarilə məhkəmə qarşısında kreditorların təzyiqindən qorunmaq hüququna malikdir. Məhkəmənin vəziyyətdən asılı olaraq şirkət və yaxud fərdi şəxsin xeyrinə qərar qəbul etməsi istisna hal deyil.
Korporativ defolta ən parlaq nümunə olaraq Çinin Chaori Solar Energy Science & Technology Co istehsalçı şirkətini göstərmək olar. Şirkət 2014-cü ilin mart ayında buraxdığı istiqrazlar üzrə borclarını ödəyə bilməmişdi.
Suveren defolt – hökumətin ölkədə iqtisadi vəziyyətin tənəzzülü ilə bağlı kreditlər üzrə ödənişləri dayandırdığını elan etməsi halıdır.