Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib.
“Bloomberg” agentliyinin məlumatına görə, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb.
Bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.
Bir əsrdən sonra qeydə alınan anti-rekord Rusiya iqtisadiyyatına necə təsir edəcək?
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyanın defoltu texniki xarakter daşıyır. Yəni bu, o demək deyil ki, Rusiyanın borclarını ödəməyə imkanı yoxdur:
“Rusiyanın borclarını ödəməyə pulu var. Sadəcə olaraq sanksiyalara görə, ödəniş imkanları və ödəniş istiqamətləri məhdudlaşdırılıb. Buna görə də defolt məsələsi o qədər də ciddi deyil. Yəni demək istərdim ki, defolt Rusiya iqtisadiyyatına fantastik şəkildə təsir göstərəcək faktor deyil. Rusiya tərəfi elan etdi ki, borclarımızı ödəyə bilərik, lakin bizə icazə vermirlər”.
Ekspertin fikrincə, defoltun yeganə təsiri kreditlərə çıxışla bağlı ola bilər: “Texniki olsa da, defolt ölkələrin kreditlərə çıxış imkanını və gələcəkdə bank sektorundan istifadə imkanlarını getdikcə məhdudlaşır. Bu mənada Rusiyanın da xarici bank sisteminə çıxış imkanı məhdudlaşacaq. Təkcə Avropa, Amerika banklarına yox, Asiya banklarına da çıxış imkanı məhdud olacaq”.
Bundan əlavə, N.Cəfərli qonşu Rusiyanın ən çox borclu olduğu ölkələrin adını sadalayıb:
“Sözün açığı, Rusiya heç vaxt, hətta SSRİ dövründə belə sanksiyalara məruz qalmayıb. İndi Rusiyanın sanksiyalara görə, borcları artıb. Hazırda Rusiyanın əsas borclu olduğu ölkələr Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyadır”.