Dekabrda ilk pilotsuz taksi servisi istifadəyə veriləcək

“Alphabet” holdinqinə daxil olan Waymo şirkəti Dekabr ayında dünyanın ilk pilotsuz taksi servisini istifadəyə verməyi planlaşdırır.

Banker.az bildirir ki, bu barədə Bloomberg saytı öz mənbələrinə istinadən xəbər verib. Şirkət tərəfindən istifadəyə veriləcək yeni servis tamamilə yeni brend adı altında fəaliyyət göstərəcək və Uber, Lyft servisləri ilə rəqabət aparacaq. Waymo hələki servisin adını gizli olaraq saxlayır və onun geniş təqdimatını keçirtməyi planlaşdırmır. Şirkət həmçinin yeni servisin mobil tətbiqinin nə zaman çıxacağı barəsində də məlumat vermir.

Bloomberg-in verdiyi məlumata əsasən ilkin mərhələdə pilotsuz taksi servisinin müştərilərinin sayı bir neçə yüz nəfər olacaq. Onlar pilotsuz taksi servisini test edəcəklər. Test müştərilərdən ibarət olacaq qrup şirkət ilə müqavilə çərçivəsində pilotsuz taksi servisi vasitəsilə edilmiş səyahətlər barəsində təəssüratları bölüşə, dostlarını və mətbuat təmsilçilərini sözügedən servis vasitəsilə səyahət etdirə biləcək. Yeni pilotsuz avtomobillər servisə tədricən əlavə olunacaq. Beləliklə şirkət tələb-təklif arasında balans yarada biləcək.

Chrysler Pacifica markalı pilotsuz avtomobillərin istifadəyə verilməsindən sonra onlardan bəzilərinin ön oturacaqlarında ehtiyat sürücü əyləşəcək. Ehtiyac sürücü öz növbəsində müştəriyə yeni texnologiyaya uyğunlaşmaqda yardımçı olacaq və fors-major hallarında avtomobilin idarəetməsini öz üzərinə götürəcək.

technote.az