Ötən ilin dekabrında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft hasilatı artıb.
Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı 2017-ci ilin dekabrında noyabrla müqayisədə gündəlik 42 min barrel artaraq 32 milyon 420 min barrel olub. Buna baxmayaraq OPEC-in dünya neft hasilatındakı payı 33,3 faizə geriləyib.
Dekabrda OPEC üzrə xam neft istehsalı ən çox Nigeriya, Anqola və Əlcəzairdə artıb, Səudiyyə Ərəbistanı, Venesuela və Qətərdə isə hasilat azalıb. Dekabrda Nigeriyanın gündəlik hasilatı əvvəlki ayla müqayisədə 75 min 700 barrel, Anqolanın 44 min 800 barrel, Əlcəzairin istehsalı isə 30 min 300 barrel artıb. İqtisadi-siyasi çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı 82 min 200 barrel azalaraq 1 milyon 745 min barrelə düşüb. Qətərdə gündəlik neft hasilatı 12 min 100 barrel, Səudiyyə Ərəbistanında isə 10 min 900 barrel azalıb.
Keçən ay dünya üzrə 2 min 171 neft quyusu istismara verilib. Bu quyulardan 550-si OPEC-ə üzv olan ölkələrdədir.