34 C
Baku
Thursday, July 4, 2024

Demirören Azərbaycanda daha bir şirkət açdı – Şirkət nə iş görəcək?

Türkiyədə enerji, sənaye, daşınmaz əmlak, tikinti, media və təhsili əhatə edən konqlomerat şirkət “Demirören Yatırım Holding A.Ş.” Azərbaycanda yeni şirkət təsis edib.

Banker.az xəbər verir ki, şirkət Azərbaycanda “DH İnvestisiya Enerji Tikinti” MMC adı ilə dövlət qeydiyyatına alınıb.

Şirkətin nizanamə kapitalı 100 min manat olmaqla Bakı şəhəri Nərimanov rayonu, Şəmsi Rəhimov ev.15A-da qeydiyyata alınıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Demirören və “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata imzalayıblar.

Müqaviləyə əsasən, Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi nəzərdə tutulub.

Şirkətin üst idarəetmə sturukturu olan Müşahidə Şurasına 4 Demirören ailəsindən nümayəndə üzvlük edəcək. Belə ki, Meltem Demirören, Yıldırım Demirören, Erdoğan Demirören, Aslan Oktay Sinan Müşahidə Şurasında yer alıblar. Meltem və Yıldırım Demirören hər ikisi ana şirkətin rəhbərliyində yer alırlar.

Kollegial idarəetmə strukturunda olan “DH İnvestisiya Enerji Tikinti”nin icra orqanı Osman Karakusa həvalə edilib.

“Demirören Group” Türkiyənin konqlomerat şirkətidir. Onun mülkləri arasında Milangaz (Türkiyə bazarının 9%-nə malik mayeləşdirilmiş neft qazı distribyutoru), Taksim Meydanındakı Dəmirören İstiklal ticarət mərkəzi, həmçinin bir neçə qəzet, televiziya və radio stansiyaları, həmçinin D-Smart adlı abunə əsaslı yayım xidməti daxildir. Demirören həmçinin Türkiyənin “Warner Bros. Discovery” kanallarının lisenziyalaşdırılması və paylanması ilə məşğul olur: Cartoon Network və CNN Türk. Demirören Qrupunun bütün səhmləri Demirören ailəsinə məxsusdur.

“Demirören Group” Azərbaycanda bir sıra iri layihələrdə iştirak edir. Məsələn, 2021-ci ildə Azərbaycanda dövlətə məxsus lotereya və mərc oyunları sahəsində fəaliyyətdə olan “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A. Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B. V.” şirkətinə idarəetməyə verilib.

Azərbaycanda yerli hökumətlə birgə müəssisə yaratmaqla Pirallahı Sənaye Parkında əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulan memorandum imzalanmışdı.

Türkiyə şirkəti layihəyə 40 mln. ABŞ dollarınadək investisiya yatıracağını açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər