Harvardın danışıqları aparmaq üzrə 4 təməl prinsipindən birincisi budur: “Danışıqlar apardığınız, müzakirə etdiyiniz şəxsi mövzudan ayırmağı, kənarda saxlamağı bacarın”. Yəni danışıqlar apardığınız şəxsin kimliyinə, ona olan simpatiya və ya antipayanıza deyil, mövzuya fokuslanın, mövzunu müzakirə etməyə, məsələni həll etməyə çalışın.
Türkiyədəki seçkilərlə bağlı sosial mediada müzakirələrin əksəriyyəti təəssüf ki, əksini göstərdi.
1. Məsələ kiminsə kimin tərəfində olmasında deyil. Məsələ hər bir vətəndaşın öz dövlətinin mənafeyini güdməsidir;
2. Demokrat adlanan qüvvələr “biz Azərbaycana niyə yardım etməliyik”, “bizim dostumuz yoxdur, heç Azərbaycan da bizim dostumuz deyil” deyib həqiqətən də Azərbaycanı ən böyük layihədən kənarda saxlamaq niyyətlərini açıq-aşkar bildirir, biz Azərbaycanı görmürük mesajı verirlərsə, “mən səni sevəcəm sən sevməsən də” düşüncəsi kimlərəsə doğma ola bilər, dövlətini düşünənə yox!
3. Doğrudanmı saf-saf düşünə bilərik ki, Türkiyəni (müsəlman və Türk dövlətini) bundan sonra iqtisadi cəhətdən gücləndirib söz sahibi edəcəklər, əsas güc mərkəzlərindən biri kimi qalmağa və ya olmağa imkan verəcəklər? İqtisadi cəhətdən hansısa dividendlər qazandıracaqlar, amma bədəlini ya Türkiyə ərazisində muxtariyyət yaratmaq, ya parçalamaq, ya da qan tökməklə ödədəcəklər. Eyforiya ilə deyil, daha sakit başla analiz etsək daha aydın görərik;
4. Demokratiya başqa dövlətin dövlət başçısı və prezidentliyə əsas namizədi haqqında təhqirə yol vermək, getməlidir mesajları verməklə seçkilərə mətbuatı vasitəsilə açıq-aydın müdaxilə etməkdir??? Seçicilərinin fikrinə təsir etməyə çalışmaqdır? Demokratiya sandıqlar açılar-açılmaz, rəqəmlər bəlli olmadan “13-cü Cumhurbaşkanı bizim aday oldu. Tebrik edirem” deməkdir?
5. Demokratiya bizim kimi düşünməyənlər bizim düşmənimizdir düşüncəsinə sahib olmaqdır? Bu düşüncəni biz daha çox demokratik dəyərlərdən danışan insanlarda görürük.
Mən şəxsən əksini gözləyirdim.
Uzun yazılar oxunmur. Siyahını burada bitirirəm. Məncə daha sakit bir şəkildə düşünməyə, daha dərin analiz etməyə ehtiyac var.
Müəllif:
Elman Sadıqov, iqtisadçı-ekspert