Den Karnazes –hədəfə doğru gedən yol

Den Karnazes (ABŞ) – 42 yaşlı sağlam qidalanma məhsulları istehsal edən firmanın sahibi dayanmadan 560 km məsafəni qaçaraq qət etmişdir.

İki il bundan əvvəl mən 419 km – 10 marafon yarışı üçün nəzərdə tutulan məsafəni 10 günə qaçmışdım. Ona görə də bu dəfə ilk 80 km məsafəni qət etmək heç bir çətinlik törətmədi, bu sanki yarışdan əvvəl edilən isinmə hərəkətlərinə bənzəyirdi.

160 kilometr

Bədən yavaş-yavaş ağrımağa başlayır.

224 kilometr

Sifariş əsasında tikilmiş idman çəkmələrinin ilk cütü artıq sıradan çıxıb. Bədənim, gövdəm, baldırlarım zingildəməyə başlayır. Çox küt ağrı baş qaldırır, amma arada bu ağrılar gözlənilməz spazmalara çevrilir. Xüsusən də baldırlarım dəhşət ağrıyır, elə bir hiss yaranır ki, sanki onları çəkiclə əzmisən.

320 kilometr

Artıq iki gündür yuxusuzam. Demək olar ki, taqətdən düşmüşəm. Amma bütün gecəni dayanmadan qaçanda, səhər sübh yeri söküləndə sanki ikinci nəfəsin açılır.

336 kilometr

Artıq ikinci cüt idman çəkmələrim dağılıb. Başım demək olar ki, yaxşı işləmir. Elə bir hiss yaranır ki, sanki öz bədənimə kənardan baxıram. Ağlamalı səhnədir.

480 kilometr

Üçüncü gecədir ki, yuxusuzam. Sanki sayıqlayan adamlar kimi qaçıram, elə bir qarabasmalar görürəm. Bu tərəf-o tərəfə yüyürürəm. Birdən gedib şoseyə çıxıram. Sürücülər siqnal verir. Gecə saat 2-də 40 saniyəlik yatıram. Elə ayaq üstə, qaçmağa fasilə vermədən. Adətən uşaq nağıllarında vahiməli meşələr təsvir edilir, hər ağac uşağın gözünə bir idbar məxluq kimi görünür. Məndə də eyni vəziyyətdir, hallüsinasiyalar baş qaldırır, gözümə bədheybət, əcaib varlıqlar görünür. Assistentlər başıma buzlu su tökürlər.

488 kilometr

Ağrıdan qışqıraram, özümü saxlamaq qeyri mümkündür. Kimsəsiz səhrada şose ilə qaçıram və hayqırıram. Sonra isə düşdüyüm situasiyanın bütün komikliyini dərk edirəm və məni gülmək tutur, qəhqəhə ilə gülürəm. Gülməyi dayandırıram –yenə də bağırmağa başlayıram. Sonra yenə məni gülmək tutur. Vəziyyət mənə gülməli gəlir. Yəqin ki, kənardan mən dəliyə oxşayıram.

496 kilometr

«Ölüm marşı, ölüm marşı, ölüm marşı». Kilometrlərlə bağlı bütün fikirləri başımdan çıxarır, bir kənara tullayır, və diqqətimi yalnız bir şeydə cəmləyirəm: sol-sağ, sol-sağ, sol-sağ… Ayaqlarımı asfalta sürtə-sürtə addımlayıram. Ayaqqabılarımı dəyişirəm, artıq dördüncü cüt çəkmələrdir. Əsas ritmdən düşməməkdir.

544 kilometr

Birdən canlanıram. Saatda 16 km sürətlə hərəkətə keçirəm. Sanki dəliyəm. Əslinə qalsa isə qaçan mən deyiləm –bu mənim bədənimdir, mən isə göydə süzürəm. Ayaqlarımı hiss etmirəm. Ümumiyyətlə heç nə hiss etmirəm, sözün əsl mənasında sanki havada uçuram.

560 kilometr (15 oktyabr, 22:44, Stenford, Kaliforniya ştatı)

İnanılmaz bir ləzzət. Üç kiloqram arıqlamışam, 40 min kalori yandırmışam. Finişdən bir neçə dəqiqə sonra bədənim soyuqdan keyləşir. Məni xüsusi yatmaq üçün kisəyə uzadırlar. Sadəcə kiminsə mənə qaşıqla nəsə yedirdiyini xatırlayıram. Daha sonra boşluqdur. Bütün gecəni və gündüzü yatandan sonra rahatca ayılıram.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.