10 C
Baku
Wednesday, December 11, 2024

Departament rəhbəri AccessBanka işə qəbul mərhələləri barədə – Müsahibə

Aynur Süleymanlı: “Bankda rus dilini bilməyən işçilərimiz də var”

Aynur Süleymanlı Bakıda anadan olub. 164 saylı orta məktəbi, İqtisad Universitetini “Əməyin sosiologiyası” ixtisası üzrə bakalavr, 2002-ci ildə həmin universitetin “Heyətin İdarə edilməsi” ixtisası üzrə magistr səviyyəsində bitirib. AccessBank-ın İnsan Resursları departamentinin rəhbəridir.

– 2005-ci ilin noyabr ayında AccessBank-a işə qəbul oldum. İnsan Resursları departamentində köməkçi vəzifəsində çalışdım, 2008-ci ildən artıq İnsan Resursları departamentin rəhbəri vəzifəsinə təyin olunmuşam və 6 ildən çoxdur bu sahədə çalışıram.

– Siz özünüz kimisə işə qəbul edirsiniz?

– İşçilərin qəbul prosesində müəyyən vaxta qədər iştirak edirdim, sonra departament böyüdü, şöbələr yarandı. İnsan Resursları departamentinin daxilində 4 şöbə var: İşə qəbul, təlim, administrasiya və əmək haqqı şöbəsi. İşə qəbul ilə departamentin işə qəbul üzrə mütəxəssisləri məşğuldurlar.

Çox kiçik departament olub vaxtilə. Sizi işə kim qəbul etmişdi?

– Cəmi 2 nəfər idik. Məni də işə birbaşa bankın sədri qəbul eləmişdi. Sonra departament transformasiya oldu, hər şey dəyişdi.

– Niyə?

– Bank böyüdü, işçilərin sayı çoxaldı. O illərdə əməkdaşların sayı 500 ətrafında idi, bəlkə də daha az. İndi isə 2 mini ötmüşük. 43 filialımız var artıq. Departament də paralel böyüyür.

– İşə qəbul necə baş verir?

– İşçinin qəbul olunması başlayır vakant yerlərin yaradılması və ya əvəzolunma ilə. Vakansiyanın yaranması da işçi heyətin böyüməsi ilə əlaqədardır. İşin həcmi böyüyür deyə yeni kadrlara ehtiyac duyulur. Standart pozisiyalar üçün daim saytda elan var. Kredit mütəxəssisi, əməliyyat üzrə mütəxəssis, əməliyyatın kredit hissəsi üzrə mütəxəssis vəzifələrinə işçi axtarışındayıq.

– Səbəbi nədir?

– Bank böyüyür. Hər il yeni filiallar açırıq, deməli işçi artımı olmalıdır. Xüsusi bir vakansiya olduqda, məsələn, İT üzrə proqramçı və ya bankın filiallarının təmiri üzrə usta tələb olunursa, xüsusi elan veririk. Həm saytda, həm qəzetdə.

– Bank işi üzrə işçi seçmək sizə çətin deyil. Bəs İT üzrə mütəxəssisi necə seçirsiniz?

– Banka işçi qəbulu zamanı yalnız bizim şöbənin əməkdaşı yox, şəffaflıq və fikir mübadiləsi üçün müvafiq departamentin rəhbəri də iştirak edir. Hansı departamentə işçi lazımdısa, həmin departament rəhbəri o sahənin mütəxəssisidir və işçinin uyğun olub-olmadığını aydınlaşdıra bilir.

– İlk baxışdan yaxşı təsir bağışlayan əməkdaşın 1 neçə aydan sonra problemləri üzə çıxır: məsələn, əsəbidir, səriştəsi, savadı kifayət etmir.

– Biz işçi ilə müqavilə bağlayarkən Əmək Məcəlləsinə əsasən işçiyə 3 ay sınaq müddəti tətbiq edirik. Onu daha yaxından tanısınlar, iş qabiliyyətinə bələd olsunlar, şəxsi keyfiyyətlərini araşdırsınlar deyə. 3 aya özünü doğrultmasa, həmin işçi ilə vidalaşırıq və onu əvəz edən başqa birisini axtarırıq.

– Bank böyüyür, filialların sayı artır. Bakıdan kənardakı filiallara işçini necə qəbul edirsiniz? Məsələyə sizin mərkəzi ofis baxır, yoxsa necə?

– Həm Bakı, həm regional filiallarda işə qəbul prosesində mütləq filial rəhbəri də iştirak edir. İşə qəbul prosesi üç mərhələdən ibarətdir. İlk olaraq namizəd testə dəvət olunur, testdən keçdiyi halda müsahibələr başlayır. 1-ci müsahibəni regionda filial rəhbəri keçirir, sonra namizəd göndərilir baş ofisə 2-ci müsahibəyə. Burda onunla işə qəbul üzrə mütəxəssis və müvafiq departamentinin rəhbəri görüşür. Bütün mərhələlərdən uğurla keçən namizəd işə qəbul olunur.

– İşə qəbulda hansı tələblər var?

– Hər vəzifə üçün, hər departament üçün fərqlidir. Əksər vəzifələrə mütləq tələb ali təhsildir. Xadimə, inzibati köməkçi, sürücü kimi vəzifələrə ali təhsil lazım deyil əlbəttə. Amma mütəxəssis vəzifələrinə, bank işinə aid olan vəzifələrə ali təhsil ilkin tələbdir.

– Əgər bank işidirsə, mütləq iqtisadi ali təhsil olmalıdır?

– Yox. Elə bir tələb qoyulmayıb. Bizdə Dillər Universitetini bitirən də var, problem yaratmır.

– Nədən problem yaratmır ?

– Bizə insanın ali təhsilli olması əhəmiyyətlidir. Ona bank üzrə xüsusi bilikləri isə biz özümüz burda veririk. İş təcrübəsi də tələb etmirik heç kəsdən.

– Başqa bankdan olan işçini qəbul edirsinizmi?

– Digər banklarda çalışmış insanlar da bizdə işləyirlər. Doğrudur, kadrları özümüz yetişdirməyə üstünlük veririk, bununla fəxr edirik. AccessBank-ın bütün idarə heyəti, departament rəhbərləri, filial rəhbərləri hamısı bankda inkişaf ediblər. Şagird, köməkçi kimi banka daxil olub və ən yüksək vəzifəyə qədər yüksəliblər. Bunu bir nümunə kimi bütün işçilərə danışırıq.

– Siz digər bankdan çıxarılan əməkdaşın işdən getmə səbəbini araşdırırsınızmı?

– Əlbəttə. Fərqi yoxdur o bankdan çıxıb və ya digər təşkilatdan. İstənilən halda baxırıq nəyə görə. Əmək kitabçasında müqaviləyə xitam vermə əsasları qeyd olunur, orda hər Əmək Məcəlləsinin hansı bir xoşagəlməz maddəsi göstərilibsə, dərhal sual yaradır. Müsahibənin nəticəsi onda mənfi olur.

Daha nə kimi tələb var?

– Hər vəzifəyə görə spesifik tələb var. Bəzi vəzifələrə dil, bəzisinə kompüter biliyi lazımdır, elə vəzifə də var, orada ünsiyyət qurmaq bacarığı əsas götürülür.

– Bankın ən vacib yeri kassa sayılır. Bildiyimə görə, kassaya işçini bir az fərqli seçirlər. Sizdə necə?

– Digər işçiləri necə işə götürürüksə, kassirləri də o cür qəbul edirik. Bütün vəzifələr üçün işə qəbul prosesi standartdır. Gələcək işində problemin yaranmasının qarşısını almaq üçün namizədin özünə əminliyinə baxırıq. Namizəd kassada işləmək istəyirsə, deməli nağd pulla işləyəcəyini bilir. Bizə digər təşkilatlarda kassir vəzifəsində işləmiş insanlar da müraciət edirlər. Onların artıq pula əli öyrəşib və müəyyən təcrübələri var. Amma heç pulla işləməyən namizədi də götürmüşük, kassada çox uğurlu bir karyera quranlar da olub.

– Xarici dil bilmək mütləqdir? Bakı banklarında rus dilini bilməyən işçi görməmişəm.

– Xeyr, mütləq deyil. Regional filiallara getsəniz, bəlkə də 80 faizi rus dilini bilmir. Son zamanlar rus dilini bilməyən insanların sayı artıb. İşçilərimizin çoxu rus, ingilis dillərini kifayət qədər səlis bilir. Bankda rus dilini bilməyən işçilərimiz də var.

– Bank sistemində dil bilmək əhəmiyyət kəsb edirmi? Elektron köçürmələrdə ingilis dilindən istifadə olunur?

– Tələb olunan minimum səviyyəni özümüz öyrədirik. Bir tələb kimi qoymuruq mütləq ingilis dilini bilməlisiniz. Namizəd tərcüməçi, Beynəlxalq əlaqələr üzrə mütəxəssisdir, xariclə əlaqəli olan bir vəzifəyə qəbul olunursa, o halda tələb oluna bilər. Amma əməliyyatçı, kassir, kredit mütəxəssisi vəzifələrinə belə tələb qoyulmur.

– İşə qəbulda yaş həddi varmı? Çox yerdə yazırlar: 35 yaşdan yuxarı şəxsləri işə götürmürük.

– Xeyr. Yaş həddi yoxdur. Biz elə bir şərt yazmırıq və bütün namizədlərə baxırıq. Yaşı uyğun gəlmir deyə biz onu götürməməliyik prinsipi yoxdur. Elə hallar olur, insan çoxdan təhsilini bitirib və kompüter biliyi zəifdir. Bu məqam digər namizədə üstünlük verməyə əsas ola bilər.

– Təlim şöbəsi nə ilə məşğuldur?

– İşçilərin təliminin təşkili ilə məşğuldur. Bankda bütün işçilər təlim keçirlər. Eyni zamanda hər departament üçün fərdi təlim planı var.

– Təlim Bakıda olur, yoxsa xaricə göndərirsiniz?

– Əsas təlimlər Bakıda keçirilir, amma xaricə də göndəririk. O asılıdır işçinin vəzifəsindən. Məsələn, İT üzrə, Plastik Kartlar üzrə tələb olunan təlimi Azərbaycanda tapmırıqsa, əlbəttə, xaricə göndəririk. Amma biz korporativ təlimlərə üstünlük veririk. Yaxşı təlimçiləri dəvət edirik banka, bizim işçilərə təlim keçirlər.

– Filiallar üçün də həmin təlimlər var?

– Mən təlim haqqında danışanda, bütün bankın işçilərini nəzərdə tuturdum. Bizim xüsusi təlim mərkəzimiz var. Onlar bura dəvət olunurlar. Bəzən kiçik həcmli mövzuya bağlı təlim olduqda təlimçilər təlimi filiallardaca, yəni iş yerlərində aparırlar. Amma əksər hallarda işçilər Bakıya dəvət olunurlar.

– Xarici vətəndaşlar sizin bankda çalışırmı?

– Bir neçə xarici vətəndaş işləyir. Əvvəllər lap çox idi. Öz bilik-təcrübələri ilə paylaşdıqdan sonra biz onları yerli mütəxəssislərlə əvəz etdik.

– Siz İnsan Resursları departamentinin rəhbəri kimi 2000 işçisi olan bankda işçilərlə bağlı problemlərlə rastlaşırsınızmı? Yaranan problemləri necə həll edirsiniz?

– Problemlərin həllində mən, müvafiq departamentin rəhbəri və filial rəhbəri iştirak edir. Xüsusi İntizam komissiyası var. Hər hansı belə bir hal yarandıqda komissiya yığılır. Həmin İntizam komissiyası yaranan vəziyyəti araşdırır, qərar qəbul edir. Nəticədə işçiyə xəbərdarlıq və ya töhmət verilə bilər, ən pis halda isə işdən çıxarılma baş verir.

– Psixoloqunuz var?

– Xeyr yoxdur.

– Sizin bankla bağlı ötən il məhkəmə prosesi də keçirilmişdi. Keçmiş əməkdaşınız Mikayıl Talıbov sosial şəbəkələrdə tənqidi fikirlər paylaşdığına görə onu məhkəməyə vermişdiniz. Mətbuat Mikayıl Talıbova qarşı olan hökmlərin ləğv olunduğunu yazdı. Nə üçün belə problem yaranmışdı?

– Məhkəmə hələ də davam edir və Mikayıl Talıbova qarşı olan hökmlərin ləğv olunduğu haqda qərar yoxdur. İnsanlar fərqlidirlər. Biz hamı kimi ondan sığortalanmamışıq ki, işçilərimiz səhv addım atmayacaqlar. Əlbəttə, bu baş verə bilər. Mikayıl Talıbov banka qarşı şər, böhtan atmışdı və böhtana qarşı biz qanun çərçivəsində mümkün olan addımları atmışıq.

– Hər hansı bir işçinin şikayəti olsa, o, sizə yaxınlaşa bilər?

– Əlbəttə. Şikayəti olduğu halda birbaşa mənə, bir də audit departamentinin rəhbərinə müraciət edə bilər və həmin şikayət mütləq araşdırılır.

BizimYol

Son xəbərlər
Digər xəbərlər