13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Depozitə alternativ depozit

Artıq hər kəs bilir ki, 1 yanvar tarixindən etibarən, əhalinin banklara yerləşdirdikləri əmanətlərdən gələn gəlirlərdən vergi gəlirləri tutulur.  Bu səbədən artıq bir qism əhali pullarını yığmaq üçün başqa etibar edə biləcəkləri üsullar axtarır.

Depozitlərin banklara qoyulmasından sonra, pullarınızı etibar edə biləcəyiniz digər vasitə isə sığorta şirkətləri vasitəsilə pulunuzu yığmaqdır. Əmanətlərin yığılması üçün sığorta şirkətləri, həyatın yığım sığortası adlı məhsul ilə sizə pulunuzu yığmaqda köməklik edəcəklər. Bir çoxlarının bu vasitə ilə pulların yığılması haqqında məlumatı olmasa da, bu sığorta məhsulu ölkəmizdə bir neçə il bundan əvvəl tətbiq olunmağa başlayıb. Lakin, əhali pullarını banklarda yerləşdirməyə üstünlük verdiklərindən, bu məhsul bir o qədər də  inkişaf etməyib.

Lakin, artıq əhalinin banklara yerləşdirdikləri əmanətlərdən gələn gəlirlərdən vergi gəlirləri tutulduğundan, əhali həyatın yığım sığortası kimi alternativ yolları dəyərləndirməyi düşünür. Bu cür əmanətlərin yığılması isə banklarda mövcüd olan əmanətlərdən fərqlidir.

Siz əgər həyatın yığım sığortası vasitəsilə pulunuzu artırmaq istəsəniz bu zaman maaşınızdan minimal 100 AZN yerləşdirə bilərsiniz. Bildiyiniz kimi, həyatın yığım sığortası vasitəsilə pulunuzu artırdıqda 3 illik müqavilə imzalamalısınız.  Həmin müddət ərzində siz işdən çıxsanız, həm pulunuzu geri götürə, həm də hesabınızı dondura bilərsiniz. Əgər siz hesabınızı dondursanız, bir müddət sonra  siz digər bir işə qəbul olduğunuz zaman, müqaviləniz bərpa olunacaq və qalan müddətlərin ödənişlərini edəcəksiniz.

Bu məhsul ilə pulunuzu neçə yığa bilərsiniz?

Məhsulun mahiyyəti ondan ibarətdir ki, siz hər ay öz maaşından müəyyən məbləği həyatın yığım sığortasına ayırır. Bu məbləğdən gəlir vergisi və sosial sığorta haqqı tutulmayacaq. Lakin burada, şirkətin vacib bir şərti var. Siz sığorta müqaviləsini ən azı 3 il müddətinə bağlamalısınız.

Həyatın yığım sığortası üzrə müqavilə 3 tərəfli bağlanır – sığortalanan şəxs, onun işə götürəni və sığorta şirkəti. Sığorta haqqı da işəgötürən şirkət tərəfindən işçinin maaşından tutulmaqla hər ay sığorta şirkətinə ödənilir.

Bəs həyatın yığım sığortası banklara qoyulan depozitlərdən nə ilə fərqlənir?

Belə ki, Siz müqavilə əsasında hər ay pulunuzu sığorta şirkətinə ödəyirsiniz və ödədiyiniz pulun üzərinə müvafiq vəsait də əlavə olunur.  Ən əsası isə həyatın yığım sığortasına ayrılan vəsait, gəlir vergisindən (14%) və  Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqqından (25%) azaddır. Yəni, siz maaşınızdan sığortaya pul ayırdıqda, həmin hissədən tutulan vergi və sosial ödəmələr də sığorta şirkətində sizin pulunuzun üzərinə gəlir. Bununla yanaşı həmin vəsaitin üzərinə şirkətin investisiya gəlirliyi də əlavə olunur. Bu gəlir isə ildə təxminən 5-7% arasında dəyişir. Bu isə banka qoyulan depozitlərdən sərfəlidir.

Misal, siz həyatın yığım sığortasına pulunuzu əmanət etdiyiniz zaman, əgər maaşınızdan hər ay 100 AZN ödəsəniz, 3 il sonra sizə təxminən 5 000 AZN ödəniş olunacaq.  Lakin siz bu vəsaiti banka yerləşdirsəniz o zaman təxminən 4 000 AZN əldə edə biləcəksiniz.

Azərbaycanda banklara qoyulan sığortalı əmanətlər üzrə faiz dərəcəsi 9% təşkil edir. Həyatın yaşam sığortası üzrə gəlirlilik isə, gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqının  və pulun investisiya edilməsindən əldə edilən gəlir hesabına 20%-ə çatır.

Həmçinin, bu həyatın yığım sığortası zamanı sizin həyatınız da şirkət tərəfindən sığortalanır. Onu da qeyd edək ki, hazırda bu sığorta növü Paşa Həyat və Atəşgah Həyat sığorta şirkətlərində mövcuddur.

Digər bir üstün cəhəti

Digər üstün cəhəti isə həmin şəxs vəfat etdiyi zaman olunan ödənişdir. Misal üçün,  müqavilə bağlayan şəxsə 36 ay sonra 5 000 AZN pul ödənilməlidir. Əgər həmin şəxs cəmi 2, 3 ay ödəniş etdikdən sonra vəfat edərsə, bu zaman həmin şəxsin yaxınlarına şirkət tərəfindən 5 000 AZN ödəniləcək.

Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən bir çox sığorta şirkətlərində bu məhsul mövcuddur. Və şirkətlərdən asılı olaraq faizlərdə cüzi fərq mövcuddur.

Son xəbərlər
Oxşar xəbərlər
X