35 C
Baku
Thursday, June 20, 2024

Depozitə qoyulmuş $53 mini mənimsəyən gömrük müstəntiqinə şərti cəza verilib

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımov külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb olunub.

Nicat Qasımov araşdırdığı cinayət işlərinin birində depozitə qoyulmuş vəsaitləri mənimsəməkdə ittiham olunur.

Gürcüstan vətəndaşı Jaba Jibgaşvili ötən il Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə görə həbs olunub. Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunan J. Jibgaşvili Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Onunla bağlı cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılıb. İstintaq gedişində Gürcüstan vətəndaşının üstündən tapıldığı iddia olunan 53 min dolların depozit hesabına qoyulub. Müstəntiq Nicat Qasımovun depozitə qoyulmalı olan həmin vəsaiti mənimsədiyi, öz ehtiyaclarına xərclədiyi iddia olunur. Aparılan araşdırmadan sonra Nicat Qasımov vəzifəsindən azad olunaraq barəsində cinayət işi başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə Dövlət Gömrük Komitəsi, və mənimsənilən pulun sahibi Jaba Jibgaşvili zərərçəkmiş qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ifadə verən Nicat Qasımov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. Sabiq müstəntiq istintaq gedişində dəymiş ziyanı tam ödəyib.

İş üzrə keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti dəymiş ziyanın ödənilməsini və yüngülləşdirici halları nəzərə alaraq Nicat Qasımova şərti cəza verib.

Qeyd edək ki, ittiham olunan sabiq müstəntiq istintaq dövründə də azadlıqda olub. Onun barəsində yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər