Azərbaycanda son dövrlərdə banklarda, xüsusilə xarici valyutada depozit faizlərində artım müşahidə olunur.
Banker.az xəbər verir ki, hazırda bəzi sistem əhəmiyyətli banklar ABŞ dollarında əmanət üzrə illik faiz dərəcəsini 4.5 faizə, 3 aylıq depozit faizlərini isə 3.0 faizə qədər yüksəldiblər.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha yüksək gəlir təklif edirlər ki, bu da qorunmayan əmanətlərin həcminin artmasına səbəb olur. Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0 faiz, xarici valyutada isə 2.5 faizdir.
“Lakin hazırda bankların əksəriyyəti xarici valyutada 5.0 faizədək depozit faizləri təklif edir. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək gəlir gətirən depozitlər sığortalanmır. Bankın müflis olması halında isə həmin əmanətlər geri qaytarılmır”, – deyə deputat qeyd edib.
2025-ci ilin yanvar ayının sonuna cəmi depozitlərin həcmi əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Onun sözlərinə görə, bu azalma əsasən qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır.
Ekspert əlavə edib ki, banklarda izafi vəsaitlər olduğu halda, yüksək faizlə depozit cəlb edilməsi maliyyə bazarındakı tendensiyalarla bağlıdır. “Əslində, depozit faizlərindəki artım banklardakı izafilikdən deyil, əksinə, vəsaitə olan tələbdən xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil”, – deyə Vüqar Bayramov qeyd edib.