2 C
Baku
Saturday, December 14, 2024

Depozit nədir? Anlayış, mahiyyət və başlıca növləri

Depozit fiziki və hüquqi şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Bu vəsaitlər əmanətçiyə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına müəyyən gəlir qazandırır. Depozit həm banka, gəm də əmanətçiyə eyni anda fayda verir: əmanətçi artıq dediyimiz kimi, müəyyən faizlər əldə edir, bankın isə xeyri onda olur ki, o, əmanətçinin pulunu dövriyyəyə buraxa bilir. Depozitləri adətən bir neçə növə bölürlər. Bu bölgü depozitlərə əlavə yatırım edilməsinin mümkünlüyü, depozitin müddəti, faizlərin hesablanma metodu, həmçinin depozitin vaxtından əvvəl götürülməsi kimi nüanslara əsaslana bilər.

Depozit (əmanət) anlayışı –müvafiq müqavilə şərtləri ilə faizlər və komisyon haqlar ödənilməkləvə ya ödənilmədən müştərinin (əmanətçinin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan, bankın balansında aparılan, cari, əmanət (depozit)  hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
Bank əmanəti (depoziti) müqaviləsinin bağlanması qaydaları, əmanətlərin növləri, əmanət (depozit) hesabları ilə bağlı hüquqi münasibətlər Azərbaycan Respublikasının mülki məcəlləsi ilə tənzimlənir.

Əmanətlərin növləri

Müddətinə görə əmanətləri iki yerə bölmək olar: uzunmüddətli və qısamüddətli əmanətlər.

Qısamüddətli əmanətlər adətən altı aylıq müddətə olduğu halda, uzunmüddətli əmanətlər bir neçə illik müddətə ola bilər. O faktı unutmaq olmaz ki, faiz dərəcələri bir başa olaraq depozitin müddətindən asılı olur. Yəni depozitin müddəti nə qədər böyük olarsa, ona bir o qədər çox aylıq faiz hesablanır.

Əlavə yatırımların edilməsindən asılı olaraq əmanətləri yenə də iki hissəyə ayırmaq olar: yığım əmanətləri və standart (ənənəvi əmanətlər). Bu əmanətlər arasında fərq onadır ki, birinci halda müştəri mütəmadi olaraq öz əmanətinin miqdarını artıra bilər. Əlavə edilən kapitalın miqdarı müqavilədən asılı olaraq məhdudlaşdırıla bilər. Həmçinin əmanətə ay ərzində neçə dəfə əlavənin mümkünlüyü də (və ya məhdudiyyətsiz sayda) bankın şərtləri və müqavilə əsasında müəyyən olunur.  Standart əmanətlərdə isə heç bir əlavənin edilməsi nəzərdə tutulmur. Birincidən fərqli olaraq, standart əmanətlərin faiz dərəcələri daha yüksək olmalıdır.

Depozitdən vəsaiti çıxarmaq imkanı baxımından əmanətlərin iki növü vardır: 1. Tələbli əmanət; 2. Müddətli əmanət.

Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.

Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.

Bank əmanətlərinə faizlərin hesablanması

Bank əmanətinin məbləğinə faizlərin hesablanması  -bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Əmanətlər üzrə faizlərin hesablanması iki metod ilə həyata keçirilir: sadə metod və kapitallaşma metodu.

Sadə metod –Əmanətin faktiki qalığına gündəlik əsasla faizlər hesablanmasının ənənəvi metodudur.

Kapitallaşma metodu -əmanətin faktiki qalığına gündəlik əsasla faizlər hesablanır və müqavilədə müəyyən edilmiş müddətlərdə hesablanmış faizlər əmanətin məbləğini artırır.

Əmanətlər üzrə faizlərin ödənilməsi üç formada həyata keçirilə bilər: qabaqcadan, periodik (aylıq, rüblük), müddətin sonunda.

Əmanət üzrə faizlərin ödənməsi qabaqcadan, yəni əmanət müqaviləsinin imzalanması zamanı həyata keçirilə bilər.  Həmçinin müştəri faizləri mütəmadi olaraq ay və ya rüblər üzrə götürə bilər.  Əksər hallarda isə  -faizlər müddətin sonunda müqavilə bitdikdən sonra ödənilir.

Əmanətlərin sığortalanması

29 dekabr 2008-ci ildə Azərbaycan Respublikası prezidenti tərəfindən əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir və Respublika Prezidentinin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən 2007-ci il fevralın 12-si tarixindən əmanətlərin kompensasiyası mexanizmi qüvvəyə minmişdir.

2010-cu il iyunun birindən ADİF-ə (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) üzv banklarda illik 12 faizlə yerləşdirilən depozitlər fond tərəfindən sığortalanır və onlar üzrə kompensasiyaların ödənilməsi nəzərdə tutulur.

Hazırda bir əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsi 30 min manat təşkil edir. Öz əmanətlərinin sığortası üçün əmanətçilər heç bir ödəniş etmirlər, sığorta ödənişləri yalnız banklar tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər