“Manatın növbəti devalvasiyası ilə əlaqədar əhalinin kommersiya banklarına olan 10 min manata qədər borclarının əvvəlki məzənnə ilə ödənilməsi nəzərdə tutula bilər”.
Banker.az BAKU.WS istinadən xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında bir sıra təkliflərlə çıxış edib. Deputat qeyd edib ki, əslində devalvasiyanın yumşaq şəkildə tətbiqi nəzərdə tutulsa da, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi manatın 50 faiz ucuzlaşmasını labüd edib:
“İl ərzində iki dəfə devalvasiyanın olması bank sisteminin, eyni zamanda əhalinin bəzi problemlərinin həllini gündəmə gətirib. İlk olaraq müzakirə predmeti istehlak kreditləridir. Belə ki, dollarla kredit götürən insanların vəziyyəti çox çətindir. Bu baxımdan onlar əlavə vəsait ödəməsinlər deyə, Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır, həmin insanların aldığı kreditlərin (10 min manata qədər) köhnə məzənnə ilə ödənilməsi qərarı verilə bilər. İstəyimiz nisbətən aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsi, kreditlərin ödənilməsinə müəyyən mənada yardım edilməsidir. Bank sistemində bank faizləri, o cümlədən iri bankların yaradılması məsələləri öz həllini tapmalıdır. Banklar öz aralarında birləşərək, kapital yığını əmələ gətirməlidir ki, bank faizləri aşağı düşsün”.
Vahid Əhmədov neftin qiymətinin 20 dollara düşməsi fonunda manatın hansı həddə qədər ucuzlaşmasına da aydınlıq gətirib. O qeyd edib ki, bununla bağlı hökumətin xüsusi tədbirlər planı olmalıdır: “Məndə olan məlumata görə hazırda bunun üzərində iş gedir. Aldığım məlumata görə, cənab prezident İlham Əliyev hökumətə belə bir göstəriş verib ki, elə proqram tərtib etsinlər ki, manatı bu səviyyədə qoruyub saxlamaq mümkün olsun. Bunun üçün də ixrac yönümlü məhsulların istehsalı, sahibkarlıqla məşğul olan insanlara müəyyən güzəştlərin verilməsi, monopoliyanın aradan qaldırılması, qeyri- neft sektorunun inkişafı və s. məsələlərə Azərbaycan hökuməti tərəfindən baxılacaq.
Gələcəkdə devalvasiyanın baş verməməsi üçün Azərbaycan hökumətinin üzərinə çox böyük məsuliyyət düşür ki, ixrac yönümlü məhsulları artırsın, idxalın strukturuna yenidən baxsın. Hansı məhsulları ki, Azərbaycanda istehsal etmək lazımdır, onları idxaldan çıxarmaq lazımdır. Büdcə xərclərilə əlaqədar nəzarət gücləndirilməli, hər bir manat təyinatı üzrə xərclənməlidir. Mən hesab edirəm ki, Mərkəzi Bank və Azərbaycan hökumətinin bu sahədə ciddi planları var və bunları həyata keçirəcəklər”.
V.Əhmədov deyib ki, bankların bağlanmaq təhlükəsi yoxdur və onların hər birinin iqtisadi cəhətdən manevr etmək imkanları var. O, həmçinin qeyd edib ki, əmanətlərin qorunması məsələsi gündəmdədir: “Bildiyiniz kimi 30 min manatadək olan əmanətlər qorunur. Biz təklif etdik ki, əmanətlər 250, 500 min manata qədər qorunsun və 3 il müddətinə monopoliya qoyulsun ki, heç bir problem yaranmasın. Hökumət belə addımlara gedə bilər, çünki, beynəlxalq praktikada da bu var”.
Deputat xüsusi olaraq vurğulayıb ki, bahalaşma ilə əlaqədar ölkə başçısının göstərişi var: “Bahalaşma ilə əlaqədar prezident İlham Əliyevin xüsusi göstərişi olub. Bu barədə Mərkəzi Bankın sədri də qeyd edib. İqtisadi İnkişaf Nazirliyi subyektiv qiymətlərin qarşısını almalıdır, bahalaşmaya gedilməməlidir. Çünki, anbarlarda olan qiymətlər köhnə qiymətlərlə alınıb, elə köhnə qiymətlə də alıcılara satılmalıdır. Ciddi monitorinqlər aparılsa, ciddi bahalaşmaya gedilməz. Hər dəfə devalvasiya prosesi gedəndə müəyyən qədər bahalaşma olur. O zaman əhalinin sosial vəziyyəti ilə əlaqədar sosial paket hazırlanmalıdır və ona baxılmalıdır.
Pensiya və əmək haqqı ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Müəyyən qədər indeksasiya prosesi gedə bilər. Bu da Azərbaycan hökumətinin qəbul etdiyi qərardan asılı olacaq. Sosial problemlərlə əlaqədar sosial paket hazırlana bilər. Həmçinin pensiya ilə bağlı da islahatlar aparılmalıdır.
Əsas müzakirə mövzusu sənaye obyektlərinin yaradılmasıdır ki, kənd təsərrüfatı və sənaye sahələrində qısa müddət ərzində həm xaricə çıxa bilək, həm də bəzi məhsulları idxaldan çıxaraq. Bu da gələcəkdə manatın möhkəmlənməsinə səbəb olsun”.
V.Əhmədov deyib ki, 21 fevral devalvasiyasından sonra əmanətlərin 20 faizi dollarda, 80 faizi isə manatda idi: “Mərkəzi Bankın yaratdığı şəraitdən sonra insanların əmanətlərinin 80 faizi dollardadır, 20 faizi manatdadır. Faktiki olaraq həmin insanlar 50 faiz udublar”.