Dövlət Statistika Komitəsi ilin ötən 9 ayının iqtisadi yekunları ilə bağlı açıqladığı rəqəmlər də ərzaq məhsulları bazarında bahalaşmanın olduğunu təsdiqləyir. Belə ki, DSK ötən həftə istehlak bazarında qiymətlərin 2017-ci ilin yanvar-sentyabr aylarında necə dəyişdiyini açıqlayıb.
Hesabata görə, 9 ayda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz qalxıb. Sentyabrda əvvəlki aya nisbətən istehlak məhsulları və xidmətlər 0,7 faiz, o cümlədən ərzaq məhsulları 1,4 faiz, qeyri-ərzaq malları
0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz bahalaşıb.
Qeyd edək ki, bahalaşma üçün kifayət qədər obyektiv səbəblər olsa da, hökumət qiymətlərin inzibati yolla tənzimlənməsinə çalışır. Lakin açıqlanan rəqəmlər də onu göstərir ki, hələ ki, buna nail olunmayıb. Bəs görəsən, məhz ərzaq məhsulları bazarında və qida sektorundakı xidmət sahələrində qiymətlərin tənzimlənməsi üçün hansı alətlər var ki, hökumət ondan istifadə edə bilər?
Mənbənin suallarını cavablandıran Milli Məclisin iqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov DSK-nın açıqladığı rəqəmlərin reallığa uyun olduğunu bildirdi: “Bahalaşma həqiqətən də var, bəzi sahələrdə 10 faiz, bəzi sahələrdə 20 faiz bahalaşma gedir. Bahalaşmanın orta həddi təxminən 17-18 faiz kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, Azərbaycanda qiymət siyasətində problem var. Tənzimlənən qiymətlər var. Bir də bazar iqtisadiyyatından tənzimlənməyən qiymətlər var ki, onlar tələb-təklif əsasında formalaşır. Ancaq bu sahədə elə problemlər var ki, onlar həllini tapmadan qiymət siyasətini tənzimləmək mümkün olmayacaq. Bir var obyektiv qiymətlər, bir də var subyektiv qiymətlər. Obyektiv qiymət odur ki, sahibkar məhsulu neçəyə istehsal edirsə, maya dəyərinin üzərində də müəyyən gəlir faizi qoymaqla satır. Yox, əgər xaricdən xammal və ya hər hansı komponenti gətirirsə o zaman məhsul bahalaşa bilər. Bir də var ki, məhsulun istehsalında heç bir xarici komponent iştirak etmir, lakin sahibkar qiyməti artırır. Bu subyektiv qiymət artımı hesab olunur”.
Deputatın sözlərinə görə, qiymət siyasətinin tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var:“Qiymət siyasəti ilə əlaqədar İqtisadiyyat Nazirliyinin tərkibində xüsusi departament yaradılıb. Onlar mütəmadi monitorinqlər aparırlar, yoxlayırlar. Ancaq sui-istifadə halları çoxdur. Mən hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul edilməməsi də qiymət siyasətinə öz təsirini göstərir. 2018-ci ildə yəqin ki, biz bunu qəbul edəcəyik, çünki strateji yol xəritəsində artıq o öz əksini tapıb, cənab prezident də təsdiq edib. Bu məcəllənin qəbulu qiymət siyasətinə də öz təsirini göstərəcək. Biz əgər qiymət siyasətini normallaşdırmaq istəyiriksə, bazarda mal qıtlığı olmamalıdır, sahibkarlar arasında karter sövdələşmələri olmamalıdır. Bütün bunlar Rəqabət Məcəlləsində öz əksini tapacaq”.
Parlamentarın sözlərinə görə, qiymətlərin artmasının səbəblərindən biri də idxalı azaltmaq məqsədi ilə gömrük rüsumlarının artırılmasıdır: “Bəzən belə fikirlər səslənir ki, müəyyən məhsullar üzrə idxalı ümumiyyətlə ləğv etmək lazımdır. İdxalı ləğv etmək heç bir dövlətdə yoxdur. O dövlət ki, öz məhsulu ilə əhalisini təmin edə bilmir, o hər zaman idxal edir. Biz də lazım olan məhsulları idxal edirik. Biz təklif etmişik ki, o ərzaqlara ki, Azərbaycanda yerli istehsal tələbatı ödəmir, onların gömrük rüsumu azalmalıdır. Son vaxtlar gömrük rüsumları da qiymətlərə təsir etdi. Çünki gömrük sistemində şəffaflıq artdı. Əvvəllər sahibkarlar gömrükdən müəyyən yollarla malları keçirirdilər, gömrük bəyannaməsində malın miqdarını az göstərirdilər, ona görə də rüsum təxminən 18-20 faiz olurdu. İndi isə 35-38 faizə yaxın vergi ödənilir və o da qiymətin üzərinə gəlir. Mən dəfələrlə demişəm ki, gömrük rüsumlarına yenidən baxmaq lazımdır. O məhsullar ki, Azərbaycanda istehsal olunmur və onlara tələbat çoxdur, onların gömrük rüsumunu azaltmaq lazımdır”.
V.Əhmədov vurğuladı ki, ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün ƏDV-nin diferensiallaşmasına ehtiyac var: “ Həmçinin ƏDV-nin diferensiallaşmasına da ehtiyac var. Biz avtomobilə də 18 faiz ƏDV tətbiq edirik, mebelə də 18 faiz ƏDV tətbiq edirik, ərzaq məhsullarına da… Halbuki ərzaq məhsulları gündəlik tələbat məhsullarıdır. Ərzaq məhsullarına əlavə dəyər vergisini 5-10 faiz arasında tətbiq etmək olar, bunun əvəzində avtomobilin ƏDV-ni 30 faizə qaldırmaq olar. Yenə də büdcəyə həmin vəsait daxil olur. Ancaq ərzaq məhsulları ucuzlaşmış olur. Vergilər Nazirliyində bu məsələnin üzərində işləyirlər. Əlavə dəyər vergisini deferensiallaşdırmağa çalışırlar. Qiymətləri ucuzlaşdırmaq üçün hökumətin əlində iqtisadi alətlər çoxdur, bunları həyata keçirmək lazımdır”.