Bütün qəbul olunmuş, xüsusilə iqtisadi sfera ilə bağlı qanunlar, hüquqi-normativ aktlar ölkədə sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılması və inkişafı üçündür. O cümlədən, ötən ilin sonlarında Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafı istiqamətində atılan ən mühüm addımlardandır.
Vergilər Nazirliyinin hazırlayıb parlamentə təqdim olunmuş və qəbul edilərək, qüvvəyə minmiş 107 səhifəlik dəyişikliklər, əslində, vergi inqilabı deməkdir. Hesab edirəm ki, bu dəyişikliklərin icrasından, tətbiqindən də çox şey asılıdır. Yəni çalışmaq lazımdır ki, sahibkarlar artıq rahat işləyə bilsin, vergi orqanları ilə, məmurlarla sahibkarlar arasında əlaqə minimuma endirilsin.
Bunu iqtisad elmləri doktoru, millət vəkili Rüfət Quliyev deyib.
Millət vəkili bildirib ki, sahibkarları narahat edən məsələlər varsa, onlar iqtisadi blokla bağlı nazirliklərin “qaynar xət”lərinə müraciət edə bilərlər:
“Telekanlallardan birində “Sahibkar saatı” verilişini aparıram. Onlar həmin verilişə müracət edə, onları maraqlandıran suallara, narahat edən məsələlərə cavab ala bilərlər. Hesab edirəm ki, ölkədə sahibkarlıq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün kiçik sahibkarlıq haqqında qanunvericiliyə ehtiyac var.
Bildiyiniz kimi, ölkədə sahibkarlıq fəaliyyətinin iki növü var: iri və orta sahibkarlıq. Ancaq burada üçüncü fəaliyyət növünə, kiçik sahibkarlığa da (mikrobiznesə) ehtiyac duyulur. Artıq bu məsələ üzərində işlər gedir.
Ola bilər ki, bu yöndə ayrıca qanun layihəsi yox, mövcud qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin. Bu, real, gözlənilən bir məsələdir”.
Millət vəkilinin sözlərinə görə, sahibkarlarla bağlı ikinci vacib məsələ kredit problemidir.
“Bu məsələ, əslində, birbaşa sahibkarlıqla, sahibkarlarla bağlı deyil, daha çox sahibkarlıq fəaliyyəti adı ilə şəxsi məqsədlər, şəxsi problemlər üçün götürülmüş kreditlərlə bağlı yaranan məsələdir.
Bu gün haradasa 1 milyard 700 milyon manata yaxın ödənməmiş kredit var və sahibkarlar, belə desək daha düzgün olar, kredit götürmüş vətəndaşlar artıq bu kreditləri ödəyə, qaytara bilmirlər. İnsanlarda, vətəndaşlarda pul yoxdur həmin kreditləri ödəməyə. Onlar böyük əziyyət çəkirlər.
Hesab edirəm ki, banklar, bank sektoru artıq bir araya gəlməli və bu məsələinin həllini tapmalıdırlar. Bu məsələdə incidilmələrə, yəni borcların əmlaklara, mülklərə yönəldilməsinə, məhkəmə qərarlarının bu istiqamətdə verilməsinə son qoyulmalıdır.
Banklar 25-30 dərəcəlik faizlərini 10-15 faizə endirməlidirlər. Çünki bunlar həddindən artıq yüksək faizlərdir. Həmçinin, burada qruplaşdırma aparılmalıdır, məsələn, beş minə qədər olan, beş mindən 10 minə qədər olan, 10 mindən 15 minə qədər olan və sair kreditlər.
Banklar artıq bu məsələdə istər sahibkarlarla, istərsə də vətəndaşlarla anlaşmalıdır, faiz dərəcələrini mütləq və kəskin şəkildə azaltmalıdırlar.
Məsələn, bu gün elələri var ki, 50 min kredit götürübsə, artıq onun faiz borcu gəlib elə 50 minə çatıb. Bu da 100 min manatlıq kredit borcu deməkdir. Bunu ödəmək indiki reallıqda qeyri-mümkündür, çünki qaytarmağa pul yoxdur. Ona görə həm banklar öz problemlərini həll etmək, həm də vətəndaşların, sahibkarların banklardan asılılığını aradan qaldırmaq üçün bu addımlara getməlidirlər.
Eyni zamanda, kiçik sahibkarlıq fəaliyyəti ilə bağlı banklar 10 min həcmində kiçik kreditlər verməlidirlər ki, ölkədə sahibkarlığın inkişafına kömək etmiş olsunlar. Hər halda bir millət vəkili, bir iqtisadçı alim olaraq bu gün sahibkarlıqla bağlı ən mühüm hesab etdiyim məqam məhz bu iki məqamdır”, – deyə millət vəkili əlavə edib.
©oxu.az