“Burada rəqəmləri qabardırlar. Biz pensiya yaşının azaldılmasını, uşaq pulu verilməsini insanların sosial durumunun yaxşılaşdırılması üçün deyirik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, növbəti illərdə uşaqlara qulluq üçün verilən vəsaitə yenidən baxılmasının vacibliyi Hesablama Palatasının rəyində də qeyd edilib: “Eyni zamanda dəfn xərclərinin də artırılması təklif edilir. Heç olmasa insana doğulanda və öləndə dəyər verək. Çoxlu insanımız naşı səhiyyə sistemi ucbatından dünyasını dəyişir. Sağlamlıq problemlərindən ölənlərin sayı kifayət qədərdir. Azərbaycanda keyfiyyətli səhiyyə yoxdur. Pulu olmayan Türkiyəyə, xaricə müalicəyə gedə bilmir, vəfat edir. Məşğulluqla bağlı məsələyə də ciddi diqqət yetirməliyik. Məşğulluq xidmətlərində qeyri-müəyyən, yalandan iş təklifləri edirlər. Bu mexanizm canlandırılmalıdır. Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Özəl sektor canlandırılmalıdır. Deyirlər ki, camaat işləmək istəmir. Yalandır. Normal iş yeri olsa, hamı gedib işləyər. Yaxşı maaş olsa, hamı işləmək istəyir”.