Problemli kreditlərlə bağlı məsələnin həllinin məntiqi davam olaraq, ölkənin bank-maliyyə sektoru digər problemli məsələlərin həllində özü daha çox təşəbbüskar olmalıdır.
Bu sözləri açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
O bildirib ki, banklar vətəndaşların yükünün bir qədər də azaldılmasında iştirakçı olmalıdırlar.
Deputat hazırda verilən kreditlər məsələsinə toxunaraq qeyd edib ki, milli valyutaya üstünlük verilməlidir:
“Xüsusilə dollarla kredit verilməsi məsələsi aradan qaldırılmalıdır. Çünki Azərbaycanda milli valyuta məhz manat olduğu, bütün ödənişlər, hesablaşmalar və sair, hamısı manatla aparıldığı üçün kreditlər məsələsində də bu məsələ öz əksini tapmalıdır. Bu, həmçinin, banklara birbaşa aid olan bir məsələdir.
Əgər bizdə milli valyuta manatdırsa, məhz kreditlər, xüsusilə daha geniş miqyasda insanın yararlandığı istehlak kreditləri yalnız manatla verilməlidir. Çox təəssüflər olsun ki, müəyyən məqamlarda bundan yayınmaların, kreditlərin məhz dollarla verilməsinin də şahidi olduq, hətta bəzi banklar bir müddət manatla kredit verməkdən əsassız olaraq imtina etdilər.
Sonra bu məsələ bir qədər yumşalsa da, amma yenə də məsələ öz tam həllini tapmayıb. Bu məsələ birdəfəlik həllini tapmalıdır, kreditlər məhz öz milli valyutamızla, manatla verilməlidir, eyni zamanda, faiz dərəcələri kəskin şəkildə aşağı salınmalı, ən azı yarıya endirilməlidir.
Bu da bankların həm insanlara, həm də bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına böyük töhfəsi olardı”, – deyə millət vəkili əlavə edib.