1 C
Baku
Saturday, December 14, 2024

Deputat kredit faizlərinin artırılmasına etiraz etdi

“Heç bir ölkədə belə yüksək faiz dərəcələri yoxdur” . Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faizi keçməməsi barədə verdiyi göstərişdən sonra bankların bir qismi komisyon haqqını 1 faizə qədər azaltsa da, əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bunun sürpriz olmadığını deyib: “Bu gözlənilən idi. Çünki banklar faktiki olaraq komissiya haqlarını müəyyən dövr üçün 12 faiz səviyyəsində götürməklə özlərini sığortalayırdılar. Əvvəlcədən müəyyən vəsaitləri toplayırdılar ki, kreditlərlə əlaqədar problem yaranarsa öz gəlirlərini qoruyub saxlaya bilsinlər. Bununla da il ərzində 3-5 faiz gəlir əldə edirdilər.

Mərkəzi Bankın verdiyi son qərar kommersiya banklarını öz gəlirlərini qoruyub saxlamaq üçün kredit faizini artırmağa vadar etdi. Hazırda bu ayrı-ayrı banklarda özünü biruzə verir. Amma nəzərə almaq lazımdır ki, bankların başqa çıxış yolu da yox idi. Banklar artıq öz gəlirlərini bu səviyyədə saxlamağa məcbur idilər, əks təqdirdə nəticə onlar üçün yaxşı olmaya bilərdi”.

İqtisadçı-deputat hesab edir ki, müəyyən müddətdən sonra faizlər stabilləşəcək: “Bank faizləri aşağı salınmalıdır. Çünki problemli kreditlərin həcmi ilbəil artaraq 1,3 milyard manata çatıb. Mərkəzi Bank verdiyi qərarın yerinə yetirilməsi üçün nəzarət mexanizmini həyata keçirməli, mütəmadi olaraq həmin banklarda yoxlamalar aparmalıdır. Kommersiya bankları Mərkəzi Bankın verdiyi qərarı pozduqları təqdirdə onlara qarşı cəza tədbirləri görülməli, həmçinin verilən lisenziyalar geri alınmalıdır. Bu məsələ çox ciddi nəzarət mexanizmi tələb edir”.

Parlament üzvü Azərbaycanda problemli kreditlərin azalmasının müşahidə edilmədiyini vurğulayıb: “Statistika və Mərkəzi Bankın açıqladığı hesabat bank sistemində geri dönüşü olmayan kreditlərin artdığını göstərir. Problemli kreditlərin həcmində ayda təxminən 40-50 milyon manat artım müşahidə edilir. Son vaxtlar mütəmadi olaraq bank faizlərinin çox yüksək olduğunu nəzərə çatdırsaq da nəticə etibarilə faizlər artmaqda davam edir. Hesab edirəm ki, bank faizləri məsələsi həll olunmayınca problemli kreditlərin həcmi artmaqda və problem olaraq qalmaqda davam edəcək”.

V.Əhmədov dünya ölkələri ilə müqayisədə Azərbaycanda kredit faizlərinin çox yüksək olduğunu vurğulayıb: “Dünyanın heç bir ölkəsində belə yüksək faiz dərəcələri yoxdur. Xarici ölkələrdə kommersiya bankları kreditləri ən yüksək halda 15-16 faizlə təklif edir”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər