Bu gün bir sıra media orqanlarında yeni ildən millət vəkillərinin maaşlarının artırılmasına dair xəbərlər yayılıb.
Məlumatda bildirilir ki, deputatların maaşı 2 dəfə qaldırılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıqlamasında deyilənləri təkzib edib.
O bildirib ki, gələcəkdə deputatların maaşında artım ola bilər, amma hazırda heç bir artım yoxdur.
H.Rəcəbli deputatların maaşlarında artımın olma ehtimalını belə əsaslandırıb ki, bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.
Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat sədrin I müavini 2227 manat Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat maaş alır.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.