Almaniyanın nəhəng Deutsche Bank bankı ABŞ rəhbərliyi ilə məhkəmə prosesini qaydaya salmaq məqsədilə 95 milyon dollar ödəməyə razılıq verib. Qeyd edək ki, ABŞ hökuməti alman bankını vergi fırıldaqçılığında, 2000-ci ildə ABŞ-da federal vergilərdən yayınmaq məqsədilə saxta şirkətlərdən istifadə etməkdə günahlandırır.
ABŞ rəhbərliyi bankı hələ 2014-cü ilin dekabr ayında məhkəməyə vermişdi və bankdan vergi, cərimə və faiz qismində 190 milyon dollardan çox vəsait tələb edirdi.
Son zamanlar Deutsche Bank-ın üzləşdiyi məhkəmə prosesləri investorları narahat edir və maliyyə təşkilatının gələcək taleyi haqqında düşünməyə vadar edir.
Məsələn, keçən ay Deutsche Bank ipoteka qiymətli kağızları ilə manipulyasiya etməkdə ittiham edildikdən sonra məhkəmənin qərarına əsasən, 7,2 milyard dollar cərimə ödəməyə təhkim edildi.