8 C
Baku
Sunday, December 22, 2024

Devalvasiya bankları hansı proseslərə uyğunlaşmağa sürüklədi ?

Müəllif: Anar Əliyev, “Muğanbank” ASC – Risklərin İdarə edilməsi Departamentinin direktor müavini

Bank sistemində əhəmiyyətli dəyişikliklər bank işçilərinin “qara şənbə” kimi qeyd etdiyi 21 fevral 2015-ci ildə baş vermiş manatın devalvasiyasından sonra başladı. Əslində bu proses bir daha Azərbaycan banklarının maliyyə dayanıqlığını yoxladı. Bəli, devalvasiya bankları milyonlarla xərcə saldı və devalvasiyadan sonra banklar daha diqqətlə yoxlanılmış, riski daha az olan addımlar atmağa başladılar. Bu addımların bəziləri Mərkəzi Bank tərəfindən tətbiq edilən qaydaların yumşaldılması və ya əksinə daha da sərtləşdirilməsi, digərləri isə bankların öz təşəbbüsləri nəticəsində həyata keçirildi. Belə ki, devalvasiyadan sonra:

  • 05 mart tarixli məktubunda açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər donduruldu,
  • Uçot dərəcəsinin 3.5%-dən 3.0%-ə endirildi,
  • İstehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşdı,
  • Nağd pulun məxarici üzrə iri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarifin ləğv edildi,
  • AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqlarının 2 dəfə azaldıldı,
  • Bankların depozitlər üzrə məcburi ehtiyat normasının 2%-dən 0,5%- endirildi,
  • İstehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması üçün Metodoloji Rəhbərliyin hazırlandı və.s.

Son bənddə qeyd etdiyimiz məqamların əhəmiyyətini anlayaraq Mərkəzi Bank tərəfindən banklara həyata keçirilməsi tövsiyə edilən 2 Metodoloji Rəhbərliyin məzmununu sizə çatdırmağa çalışmışıq.

Bu dəfə Mərkəzi Bank tərəfindən 2015 avqust ayında təsdiq edilən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” haqqında fikirlərə aydınlıq gətirmək fikrindəyik. Bu metodoloji rəhbərlik adından da göründüyü kimi bankları daha məsuliyyətli və daha effektiv işləməyə məcbur edir. Kreditləşmə dedikdə bütün kredit növləri deyil, ancaq istehlak kreditləri nəzərdə tutulur.

Metodoloji Rəhbərlik son illərdə kəskin artım qeyd olunan istehlak kreditlərini ümumi olaraq “səhmana salmaq” məqsədi daşıyır. Təbii ki, belə tövsiyələr edilməmişdən öncə də banklar daxili qaydalara əsasən müəyyən “istisnalar” olmaqla çərçivələr daxilində istehlak kreditləri verirdilər. Bu istisnaların çoxalmasının qarşısını almaq və bütün bankları minimum səviyyədə sərhədlər cızmaq Mərkəzi Bankın üzərinə düşürdü. Rəhbərlik vasitəsilə Mərkəzi Bank istehlak kreditlərinin sağlamlaşdırılmasına, “süni” istehlak kreditlərindən imtinaya, portfeldə istehlak kreditlərinin çəkisinin azalmasına və ən əsası müştəri hüquqlarının tanınması ilə yanaşı borcalanların həddindən artıq yüklənməməsinə nail olacaq. Metodoloji Rəhbərlik istehlak kreditləşməsi sahəsində vahid yanaşmanın tətbiqi istiqamətində mühüm hadisədir.

Artıq banklar kredit verilməmişdən qabaq müştəridən aylıq gəliri barədə rəsmi sənəd tələb etməli, ümumi borc yükünü hesablamalı, hətta kreditin təyinatı üzrə yetərliliyinə nəzarət etməlidirlər.

Müştəri ödəmə qabiliyyətinin qiymətləndirilməsində Mərkəzi Bank bir neçə kriteriyalar tətbiq edir. Aşağıdakı nüanslar olduqda kredit verilməsi təmin edilməyə bilər.

  1. istehlakçı girov (ipoteka), yaxud digər əmlakı satmadan kredit məhsulu üzrə öhdəliklərini icra edə bilmir;
  2. istehlakçı mövcud kredit məhsulu üzrə öhdəliklərini əlavə borc vəsaiti (kreditlər) cəlb etmədən icra edə bilmir;
  3. istehlakçı alınacaq kredit məhsulunun nəticəsi olaraq digər öhdəlikləri tam və ya lazımınca icra edə bilmir.

Müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə daha bir göstərici var ki, bu da maksimum 50% kimi tətbiq edilən borc yükünün hesablanması göstəricisidir. Borc yükünün hesablanması müştərinin ümumi aylıq öhdəliklərinin (yeni götürəcəyi kreditin aylığı+əvvəlki kreditlərin aylığı) borcalanın gəlirlərinə nisbəti kimi götürülür.  Borcalanın gəlirləri dedikdə rəsmi olaraq təsdiq edilə bilən aylıq bütün gəlirlərinin cəmi kimi başa düşülür.  Kredit xəttləri və ödənişi aylıq olmayan digər kreditləri aylıq ödəniş olaraq nəzərə alınmalıdır.

Mərkəzi Bank Metodoloji Rəhbərlik vasitəsi ilə istehlakçı-bank münasibətlərində də bəzi məqamlara aydınlıq gətirmiş və tərəflərin hüquq və vəzifələrini yaratmışdır. Hər bir bank yuxarıda qeyd etdiyimiz minimum tələbləri ehtiva edən məsuliyətli kreditləşmə siyasəti yaratmalı, daxili audit bölməsi ildə bir dəfə siyasətin icrasını yoxlamalı və Müşahidə Şurasını məlumatlandırmalıdır.

Bu rəhbərlikdə əvvəldə qeyd etdiyimiz kimi təkcə istehlak kreditlərinin minimum tələblərini ehtiva etmir, həmçinin müştəri hüquqlarını qoruyur. Belə ki, əgər kredit verilməsinə imtina edildikdə müştəri imtinanın əsaslandırılmasını tələb edə bilər. Bank bu təqdirdə həmin müştəriyə yazılı kağız və ya elektron formada açıqlama verməlidir. Açıqlamada imtinanın səbəbi və imtinanı aradan qaldıracaq şərtləri təfərrüatlı şəkildə qeyd edilməlidir.

Kredit təşkilatı müştəri vəziyyətinin qiymətləndirilməsinin nəticəsinə dair hesabatı isə ən azı 5 il saxlamalıdır.

Ardı var…..

Son xəbərlər
Digər xəbərlər