Moderator.az-ın suallarını İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli cavablandırıb:
-Azərbaycan üzən məzənnəyə keçdi. Bu, yaxşıdı, yoxsa pis?
-Azərbaycan hökuməti fevralın 17-də yumşaq devalvasiya elan edib, üç gün sonra – ayın 21-də şok devalvasiya gedəndə biz yumşaq devalvasiyanın tərəfdarı kimi çıxış etdik və bildirdik ki, 21 fevral devalvasiyası iqtisadi qanunauyğunluqlardan doğan məntiqə uyğun deyildi. 21 dekabr devalvasiyası isə məcburiyyət üzündən atılan növbəti və həm də 21 fevralla müqayisədə daha sərt devalvasiya addımıdır. Bu addım sosial itkilər baxımından problemli olsa da, qaçılmazlığı baxımında iqtisadi məntiqə uyğun, strateji perspektivlər baxımdan zəruri idi. Amma niyə birdən-birə 50 faizə yaxın devalvasıyaya gedildi sualı açıq qalır….Bu adımın nə qədər hazırlıqlı addım olduğu isə yaxın gün və aylarda bəlli olacaq…..
–Demək istəyirsiniz ki, Mərkəzi Bankın bu addımı üzən məzənnə siyasətinə keçid deyil?….
– Hazırkı şəraitdə Azərbaycan, hələ sözün əsl mənasında bazar münasibətlərinin tələbləri əsasında qurulan “ üzən məzənnə siyasəti”nə keçməyə hazır olmadığından, həmin siyasətə birbaşa keçə bilməz. Buna cəhd etsə, daha böyük fəsadlarla qarşılaşarıq. Bununla belə, Mərkəzi Bank 21 dekabra qədər yeritdiyi siyasəti uzun müddət davamlı olaraq həyata keçirə də bilməzdi… Çünki həmin siyasət davam etdirilsəydi, Mərkəzi Bankın əlində olan-qalan 6 milyard dollar da bir neçə aya əriyib gedəcəkdi və daha ağır şəraitdə devalvasiyaya getmək zorunda qalacaqdı… Mərkəzi Bankın bu məsələyə dair açıqlamasında deyilir ki: ”Mərkəzi Bankın 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir”. Deməli, Mərkəzi Bank “üzən məzənnə” siyasətinə keçidi elan etsə də, hələ bir müddət onu təmiz formada tətbiq edə bilməyəcək və reallıqdan çıxış etməklə əvvəlcə “tənzimlənən üzən məzənnə” siyasətini tətbiq etməli olacaq, yəni manatən nisbi sabitliyini təmin etməkdən ötrü lazım gələndə valyuta bazarına müdaxiləni davam etdirəcək.
-Niyə?
-Çünki beynəlxalq praktikadan sözün həqiqi mənasında məlum olan, valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən üzən məzənnə rejiminə keçilməsi üçün ölkədə bazar münasibətlərinin tələblərinə cavab verən inkişaf etmiş maliyyə-kredit, qiymətli kağızlar, valyuta bazarları və s.olmalıdr.Bundan əlavə neftlə yanaşı, ölkəyə yaxşı valyuta gətirə bilən şirkırlər, strukturlar və sair olmalıdır ki, bazara valyuta çıxarıçı şaxələndirilsin.
–Sizcə manat bundan sonra da ucuzlaşmaqda davam edəcəkmi?
– Manatın bundan sonrakı dinamikası xeyli dərəcədə dünya bazarında, xüsusən də maliyyə bazırında gedən proseslərdən,neftin qiymətindən, ölkədən kapital axının səviyyəsindən, Azərbaycanın əsas ticarət partnyorlarının valyuta bazarındakı hərəkətlərindən, Mərkəzi Bankın panikaları və dollar ajotajlarını səngitmək bacarığından və sair bu kimi amillərdən asılı olacaq və həmin amillərdən asılı olaraq manatın məzənnəsi qalxıb-enəcək…. Ölkədə bazar münasibətlərinin tələblərinə cavab verən inkişaf etmiş maliyyə, qiymətli kağızlar, valyuta bazarları yarananda, digər tərəfdən isə neft-qazdan əlavə ölkəyə çoxlu valyuta gətirə bilən şirkətlər, strukturlar və sair şəbəkəsi yarananda manat iqtisadiyyatın güzgüsü kimi hazırkı ağır durumdan çıxıb və indikindən fərqli reallıqları əks etdirib iqtisadi inkişafın hərəkətverici qüvvələrindən birinə çevriləcək.
-Üzən məzənnə siyasəti Azərbaycan iqtisadiyyatına nə vəd edir?
– 2015-ci il ərzində dollara nisbətdə manatın məzənnəsi 0,78 manatdan 1,55 manata enməklə 2 dəfə aşağı düşüb.Bununla da Azərbaycanın maliyyə-bank sistemi çox ağır bir dönəmə qədəm qoyub.Üzən məzənnə siyasətinin beynəlxalq praktikadan məlum olan öz müsbət və mənfi cəhətləri var. Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməklə uzunmüddətli perspektivdə valyuta siyasətində geniş manevr imkanları əldə edəcək.Azərbaycanın ixrac etdiyi malların ucuzlaşması müqayisəli üstünlük yaradacaq.Ondan faydalanmaq isə həyata keçirilən siyasətdən asılı olacaq….Yaxın dövr üçün isə üzən məzənnə siyasinə keçidlə bağlı bu cür kəskin devalvasiyaya gedilməsi, ölkənin ÜDM-nin, əhalinin gəlirlərinin artım tempini zəiflədən amillərdən biri olacaq. Bir il ərzində 2dəfə kəskin devalvasiyay gedən ölkəyə xarici sərmayə qoyuluşu sahəsində müəyyən tərəddüdlər yarana bilər. Texnologiya bahalaşacaq və bu da sərmayə gəlişinə əlavə problem ola bilər və sair.Amma siyasət düzgün qurulsa, belə hallar keçici xarakterli olacaq və iqtisadittatımızın neftdənkənar real hissəsini qəqabətqabiliyyətli səviyyəyə gətirib xeyli uduş əldə edə bilərik. Ona görə bu sualın cavabı xeyli dərəcədə yeridilən siyasətdə gözlənilən dəyişiklərin mahiyyət və keyfiyyətindən asılı olacaq. İnhisarçılıq, korrupsiya və məmur özbaşınalıqlarına son qoymağa imkan verən ciddi, sistemli və sürətli islahatlar rejiminə keçməklə, eyni zamanda həm də “geninə -boluna xərcləməyə öyrəşmiş hökumət modeli”ndən, “yaxşı qazanmağı və qənaət etməyi bacaran çevik hökumət modeli”nə keçməklə vəziyyətdən az itki ilə çıxmaq imkanı realdır. İqtisadiyytın sosial sektorun müvafiq sahələrini, xüsusən də bankları və əhalini belə kəskin devalvasiyanın mənfi təsirindən qorumaqdan ötrü zəruri proqram hazırlayıb həyata keçirmək və devalvasiya nəticəsində açıq qalan suallara operativ cavab vermək lazımdır. Çünki milli valyutanın nisbi sabitliyi əhalinin güzəranı ilə birbaşa əlaqəli məsələdir.