26 C
Baku
Thursday, July 18, 2024

Devalvasiya riski? — Hökumət 2021-ci il üzrə məzənnə proqnozunu açıqlandı

2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunmuşdur.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Layihədə qeyd edilir ki, bu baxımdan qlobal iqtisadi çağırışlar və mürəkkəb xarici mühit şəraitində ölkədə makroiqtisadi sabitliyin təmin olunması məqsədilə monetar və fiskal siyasətin qarşılıqlı əlaqədə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

“Bununla yanaşı, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1.7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”, deyə layihədə qeyd edilir.

Bildirək ki, hökumət 2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı neftin bir barelinin orta qiyməti 40 ABŞ dolları səviyyəsində götürülüb. “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağı və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın nəzərə çarpmayacağı proqnozlaşdırılır.

Bildirilib ki, neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər.

“Pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur. Lakin halhazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib çıxarır. Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur”- deyə qanun layihəsində deyilir.

 

Son xəbərlər
Digər xəbərlər