Son günlər ən çox verilən suallardan biridə məhz devalvasiyanın yenidən baş verməsi ilə bağlıdır.
Banker.az ekspertlərin bu haqqda rəylərini toplamışdır.
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə: Mərkəzi Bank bu gün cəmi 30 milyon dollar məbləğində vəsait satışa çıxarıb. Hərracda iştirak edən 14 bank isə 66,760 milyon dollar almaq istəyiblər. Amma Mərkəzi Bankın valyuta sifarişinin cəmi 44,9 faizii təmin edib. Yəni, sifarişin yarıdan azı qarşılanıb. Bu isə o deməkdir ki, son həftələr bəyan etmədiyi səbəblərlər manatı möhkəmləndirən Mərkəzi Bank dollara olan tələbi tam ödəyə bilməyib. Təxminən 4 milyard dollar valyuta ehtiyatları olan Mərkəzi Bankın nə üçün 37 milyon dollara yaxın vəsaiti bazar çıxarmaması səbəbləri qaranlıqdır. Bununla yanaşı, Mərkəzi Bankın bu addımı bazarda və eləcə də əhali arasında yenidən çaşğınlıq yaradır. Bu eyni zamanda banklarda valyuta qıtlığına və həmçinin “qara bazar”ın yenidən canlanmasına da səbəb ola bilər. Digər tərəfdən, maraqlıdır görəsən, baş bankda dollar tələbinin ödənilməməsinin mənfi təsirləri qiymətləndirmirlərmi?
Mərkəzi Bank ən azı dollar tələbinin ödənilməməsinin səbəbləri barədə ictimaiyyətə məlumat verməlidir ki insanlar arasında yenidən valyuta ajiotajı yaranmasın. Çünki bu addım bazar həm iqtisadi, həm də psixoloji təsir göstərir. İqtisadi baxımdan tələb ödənilmir, psixoloji cəhətdən yenidən əhali, xüsusən də dollar ilə krediti olanlar arasında narahatçılıq yaranır. Buna görə də, Mərkəzi Bank hərraca valyuta çıxaran zaman mövcud tələbi öncədən doğru proqnozlaşdırmalıdır. Amma bu günki hərracın nəticələri göstərir ki, baş bankda strateji olaraq məzənnə və tələb proqnozlaşdırılması heç də arzuolunan səviyyədə deyil. Deməli, Mərkəzi Bankdan istənilən “sürpirizi” gözləmək olar.
İqtisadçı ekspert Pərviz Heydərovun devalvasiya ilə bağlı fikirləri isə belədir:
Dolların manata qarşı məzənnəsi artıq, sonuncu devalvasiya həyata keçirilən zaman elan olunan həddə, yəni keçən ilin dekabr ayının 21-i tarixdəki səviyyəyə qayıdıb. Ümumiyyətlə, son vaxtlar manatın möhkəmlənməkdə olduğu bəllidir. Və bunda ölkədə dollarizasiya prosesinin demək olar maksimum həddə çatmasının, Mərkəzi Bank (AMB) tərəfdən dövriyyədə manat kütləsi həcminin isə ən yüksək səviyyədə azaldılması – məhdudlaşdırılmasının, o cümlədən neftin dünya bazar qiymətlərinin də son 1 ay ərzində 30 ABŞ dolları ətrafında sabitləşməsinin böyük rol oynadığı sirr deyil.
Bütövlükdə isə AMB-in çox sərt pul-kredit siyasəti yeritməsinin, həmçinin adı çəkilən qurum tərəfdən bank sektorunda cari il başlanandan bəri valyuta dəyişmə obyektlərinin bağlanmasından tutmuş, bir sıra bankların lisenziyalarının geri alınması və onların bəzilərini isə birləşməyə sövq edilməsi kimi tədbirlərin həyata keçirilməsinin, ən əsası da dekabrın 21-də elan edildiyinin əksinə olaraq manatın dəyərinin müəyyən olunmasında heç də üzən məzənnə siyasətinə keçilməməsi milli pul vahidinin dəyərini qoruyan ən başlıca amillər hesab edilməlidir.
Bununla belə, hamı yenə devalvasiya, yəni manatın 3-cü dəfə də ucuzlaşdırılacağını gözləyir və son günlər ünvanıma gələn sualların əksəriyyətini də məhz bu, təşkil edir… Özü də maraqlıdır ki, heç kəs 3-cü devalvasiyanın ümumiyyətlə, baş verib, verməyəcəyini soruşmur. Demək olar hər kəs, bunun konkret olaraq məhz nə vaxt həyata keçiriləcəyini sual edir. Sanki, ötən il üst-üstə 2 dəfə ucuzlaşdırmadan sonra hamıda belə təəssürat yaranıb ki, manat ABŞ dolları qarşısında ən uzağı 1 rüb və yaxud da 6-7 ay davam gətirə bilər… Sual yaranır ki, bəs, dolların neçə illər ərzində 0,78 qəpik məzənnədə olduğu vaxt niyə belə düşünmürdük ?! Amma sözüm bunda deyil.
3-cü devalvasiyanın nə vaxt baş verəcəyi haqda suallara və bu sahədə mövcud narahatlığa münasibətdə ümumən cavab vermək istərdim ki, manatın növbəti dəfə də ucuzlaşdırılıb, ucuzlaşdırılmayacağı yenə əvvəlkitək daha çox neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılıdır.
Odur ki, 3-cü devalvasiya üçün də neftin döşəmə üzrə qiymət həddi real olaraq, bu dəfə 25 dollar təşkil edir və yaxud da deyək ki, hesab edilir. AMB tərəfdən yuxarıda qeyd etdiyimiz tədbirlər, paralel olaraq da 2016-cı ilin dövlət büdcəsində yenidən dürüstləşmə aparılması məhz, bununla əlaqədardır.