15 C
Baku
Tuesday, November 19, 2024

“Deyirlər, padşah gerçək deyil”: saxtakar sindromu nədir və onu necə aradan qaldırmaq olar

“Sadəcə bəxtim gətirdi”, – deyə menecer yeni vəzifəyə gələndən sonra fikirləşir. “İndi iş yoldaşlarım həqiqətdə bacarıqsız biri olduğunu başa düşəcəklər”, – deyə proqramçı yeni layihədə iştirak edəcəyini öyrəndikdən sonra özü-özünə deyir. “Onlar, yəqin ki, nəyisə qarışdırıblar”, – deyə şirkət tərəfindən işə götürülən namizəd tərəddüd edir.

Bu hekayələrdən ən azı biri ilə tanışsınızsa, təbrik edirik: siz də qəhrəmanlarımız kimi saxtakar sindromuna meyllisiniz. Saxtakar sindromu nədir və onu necə aradan qaldırmaq olar? Gəlin bunu birlikdə araşdıraq.

Saxtakar sindromu nədir?

Saxtakar sindromu – bir insanın istənilən uğuru təsadüf hesab edərək, buna layiq olduğuna inanmadığı bir vəziyyətdir. “Saxtakarlar” elə hesab edirlər ki, onlar sadəcə lazımi anda lazımı yerə düşüblər və öz peşəkarlıqları ilə bağlı başqalarını çaşdırıblar.

Bu fenomen nisbətən yaxınlarda, 1978-ci ildə psixoloqlar Polin Rouz Klens və Syuzan Ayms tərəfindən aşkar edilmişdir. Tədqiqatçılar akademiyada uğurlu qadınların özlərini çox vaxt yersiz hiss etdikərini müəyyənləşdiriblər. Ləyaqətləri onlara şansın nəticəsi kimi görünürdü.

Əvvəllər “saxtakar sindromu”ndan yalnız peşəkar qadınların təsirləndiyinə inanılırdı. Bununla belə, sonrakı araşdırmalar göstərdi ki, bu fenomen hər iki cinsdən olan insanlar arasında baş verir və təkcə nəyəsə nail olmuş mütəxəssislər deyil, həm də tələbələr.

Səbəblər

“Saxtakar sindromu”nun formalaşması və inkişafı iki böyük qrupa bölünə bilən amillərdən asılıdır: daxili və xarici.

Daxili amillərə insanın şəxsi keyfiyyətləri daxildir: mükəmməllik, yüksək daxili standartlar, özünə qarşı çox sərt tələblər.

Xarici – ailə tərbiyəsi və mühit. Məsələn, valideynlər uşağa qarşı çox tələbkar idilərsə, o düşünür: “Sevilmək üçün həmişə zirvədə olmaq lazımdır”. Çox vaxt sindromun inkişafına həm xarici, həm də daxili amillər təsir göstərir.

“Saxtakar sindromu”nun əlamətləri:

– peşəkar uyğunluğuna dair şübhələr;

– bacarıqsız olduğunun ifşa olunması qorxusu;

– uğurun istedad və səylə deyil, təsadüf nəticəsində əldə edilməsinə inanmaq;

– nailiyyətlərini qəbul etməyi bacarmamaq;

– xroniki uğursuzluq qorxusu;

– daimi günahkarlıq hissi;

– özünə qarşı həddindən çox tələbkar olmaq;

Sindromun bir və ya bir neçə əlamətini özünüzdə aşkar etdinizsə, nə etməlisiniz? Birincisi, panikaya düşməyin: şübhələr demək olar ki, hər birimizdə müxtəlif vaxtlarda olur. İkincisi, sindromun sizi nə qədər narahat etdiyini qiymətləndirin.

Necə aradan qaldırmaq olar

Nəhayət, əsas suala gəlirik: nə etməliyik? Qeyd edək ki, “saxtakar sindromu”ndan 100% qurtulmağa çalışmayın, çünki kiçik dozalarda bu hətta faydalıdır. Sizin əsas vəzifəniz onun təzahürlərini rahat səviyyəyə endirməkdir.

Üsul 1: hissləriniz haqqında danışın

Bir çox “saxtakar” öz təcrübələrini bölüşməyə çəkinir. Onlara elə gəlir ki, insanlar onlar haqqında pis düşünəcəklər. Amma problem haqqında danışmaq faydalıdır. Bununla tək olmadığımızı hiss edirik, məsələyə müxtəlif tərəflərdən baxırıq. Sindromun əlamətlərinə qarşı əsas “alət” – emosiyaları bloklamaq deyil, onları yaşamaqdır.

Üsul 2: bacardığınızı başqalarına da öyrədin

“Saxtakar” elə düşünür ki, o heç nə bilmir və bacarmır. Bunu təcrübə yolu ilə yoxlamaq ən təsirli metoddur. Mütləq başqalarına öyrədəcək bir şeyiniz var. Problem ondadır ki, biz çox vaxt bacarıq və qabiliyyətlərimizi təbii qəbul edirik və onlara çox əhəmiyyət vermirik.

Üsul 3: özünü haqqında fikirləri dəyişdirin

“Mən bu uğura layiq deyiləm”, “Əslində, dəyərsizəm”, “Bütün bunlar təsadüfən baş verib” – bu və digər fikirlər “saxtakarların” ağlını doldurur. Odur ki, özünüzə 30 dəqiqə vaxt ayırın. Sindromun “hücumları” zamanı ağlınızda yaranan bütün mənfi düşüncələri və münasibətləri dəftərinizə yazın.

Üsul 4: səhvlər jurnalını tutun

Səhvlərə görə panikaya düşməmək üçün özünüzə daha tez-tez xatırlatmalısınız ki, hamı səhv edir, hətta bizim büt hesab etdiyimiz insanlar belə. Məsələn, Tomas Edison deyirdi: “Mən heç vaxt uğursuzluqla üzləşməmişəm. Mən sadəcə işləməyən 10 000 yol tapmışam”.

Üsul 5: nailiyyətlərə diqqət ayırın

“Saxtakar sindromu”ndan əziyyət çəkən insanlar hər şeyə görə şəraitə borclu olduqlarına inanırlar. Bəli, bəzən həqiqətən bəxtimiz gətirir, amma əslində bu, göründüyündən daha gec-gec olur.

Nəticə

“Saxtakar sindromu” – illüziyadır. O, faktlara deyil, sizin fikirlərinizə əsaslanır. Nə istədiyinizi düşünün: potensialınızı 100% reallaşdırmaq və parlaq, maraqlı hadisələrlə dolu həyat sürmək, yoxsa sindromun təsirinə düşərək əbədi olaraq “evin içində” qalmaq.

Son xəbərlər
Digər xəbərlər