15 C
Baku
Monday, May 6, 2024

Deyl Karnegi – “Məhz bu gün”

Hər gün üçün manifest

1) Məhz bu gün mən xoşbəxt olacağam. Bu o deməkdir ki, mən də Avraam Linkoln kimi özümə deyəcəyəm: “Bizlərdən çoxu məhz xoşbəxt olmaq istədikləri qədər xoşbəxtdirlər”. Xoşbəxtlik daxildən gəlir. Xarici qıcıqlandırıcıların ona heç bir aidiyyəti yoxdur.

2) Məhz bu gün mən yalnız gerçək olanlar ilə hesablaşacağam və ətrafdakı insanları mənim arzularım ilə hesablaşmağa məcbur etməyəcəyəm. Mən öz ailəmi, öz işimi və öz taleyimi olduğu kimi qəbul edəcəyəm.

3) Məhz bu gün mən öz orqanizmimin qeydinə qalacağam. Mən bu istəyimi fiziki məşqlər, bədənimə qarşı qayğıkeş münasibət və düzgün qidalanma ilə möhkəmlədəcəyəm. Mən öz orqanizmimi zərərli vərdişlərlə zəif salmağıma son qoyacağam. Mən istəyirəm ki, vücudum mənim ehtiyaclarımı yerinə yetirmək üçün ideal bir maşın funksiyasını yerinə yetirsin.

4) Məhz bu gün mən öz intellektimi inkişaf etdirməyə çalışacağam. Mən dəyərli bir məlumat öyrənməyə cəhd edəcəyəm. Mən öz beynimi işləməyə və elə bir mövzu oxumağa sövq edəcəyəm ki, bu məndən zehni gərginlik və fikirlərin konsentrasiya olunmasını tələb etsin.

5) Məhz bu gün mən öz ruhumun saflaşması istiqamətində hərəkətə keçəcəyəm. Bundan ötrü məndən üç əməl tələb olunur. Mən kiməsə bir yaxşılıq edəcəyəm, amma elə edəcəyəm ki, bunu heç kəs bilməsin. Daha sonra isə mən tamamı ilə zəhləm gedən iki işi görəcəyəm ki, öz iradəmi məşq etdirim, Uilyam Ceymsin sözləri ilə desək sadəcə iradəni məşq etdirmək xətrinə.

6) Məhz bu gün mən sözün əsl mənasında hər tərəfli xoş bir insan olmağa çalışacağam. Mən öz zahiri görünüşümün qeydinə qalacağam, daha yaxşı geyinməyə cəhd edəcəyəm, daha asta danışıb, daha nəzakətli və alicənab olacağam, bolluca təriflər edib, insanları tənqid etməkdən və onların nöqsanlarını tutmaqdan özümü saxlayacağam və əlbəttə ki, heç kəsi düz yola gətirmək üçün moizələr oxumayacam.

7) Məhz bu gün mən yalnız bu gündən ötrü yaşayacaq, bütün həyat problemlərimi bir gündə həll etməyə çalışmayacaq, özümü həyatı qayğılar ilə yükləməyəcəyəm. Bu 12 saat ərzində mən bir neçə konkret iş görə bilərəm və məhz o işdən başlayacağam ki, onu sonrakı təxirə salsam, bu məni qalan bütün ömrüm boyu incidə bilər.

8) Məhz bu gün mən özüm üçün gündəlik işlərin qrafikini tutacağam. Mən hər konkret saatda nə edəcəyimi yazacağam. Ola bilsin ki, mən həmin qrafikə ciddi şəkildə əməl edə bilmədim, amma ən azından o məni iki ən pis bəladan xilas edəcək –tələskənlik və qətiyyətsizlik.

9) Məhz bu gün mən relaksasiya və istirahət üçün ən azı yarım saat vaxt ayıracağam. Yaxşı olar ki, bu vaxt ərzində mən bir az da Allah haqqında düşünüm – bu mənim həyatıma perspektiv hissi bəxş edəcək.

10) Məhz bu gün mən qorxmağa son qoyacağam. Ən az qorxduğum şey xoşbəxt olmaq olacaq, mən dünyada mövcud olan ən gözəl varlıqlardan zövq alacağam; sevməkdən və mənim sevildiyimə inanmaqdan qorxmayacağam. Mən xoşbəxt insan kimi, düşünüb, xoşbəxt insanlar kimi hərəkət edəcəyəm – və mən özümü həqiqətən də xoşbəxt hiss edəcəyəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər