2018-ci ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi $1 mlrd. 477 mln. təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 15,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
“Hesabat dövründə Azərbaycan Rusiyaya $411 mln. 963,8 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ixracın 3,2%-i Rusiyanın payına düşüb”, – deyə məlumatda bildirilir.
Yanvar-avqust aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 65 mln. 36,51 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,6% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,55% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-avqust aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $653 mln. 72,71 min təşkil edib.