Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirilməsinə və vergi nəzarətinin gücləndirilməsinə mühüm töhfə verib.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına, dövlətin maliyyə təminatının artmasına və ölkənin beynəlxalq ticarətdəki mövqeyinin güclənməsinə şərait yaradır: “Vergi xidmətinin qarşısında duran vəzifələr uğurla icra olunur və bu prosesdə beynəlxalq təcrübə əsasında hazırlanmış müasir xidmətlər, sahibkarlara dəstək tədbirləri, rəqəmsallaşma və şəffaflıq prinsipləri xüsusi rol oynayır”.
Ş. Bağırov bu tədbirlərin dövlət büdcəsinin formalaşmasına, vergi gəlirlərinin artmasına, sahibkarlığın inkişafına və investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini bildirib.
“Vergilərdən yayınma hallarına qarşı mübarizə, beynəlxalq vergitutma mexanizmlərinin təkmilləşdirilməsi vergi sisteminin müasirləşməsinə, qlobal iqtisadiyyata inteqrasiyasına və beynəlxalq ticarətin təşviqinə xidmət edir. Kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində görülən tədbirlər isə iqtisadi təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir”, – deyə o vurğulayıb.
Ş. Bağırov əlavə edib ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması bu sahədə səmərəliliyin yüksəldilməsinə töhfə verir: “Son dövrlərdə vergi əməliyyatlarının asanlaşdırılması, vergi öhdəliklərinin icrasının nəzarətdə saxlanılması, qanunsuz dövriyyənin qarşısının alınması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilib”.
DGK-nın sədri bildirib ki, vergi ödəyicilərinə öz vergi əməliyyatlarını rəqəmsal izləməyə imkan verən şəxsi hesab vərəqəsi, elektron qaimə-fakturalar, “ƏDV geri al” layihəsi, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi və digər innovativ həllər nağdsız ödənişləri təşviq etməklə vergi nəzarətini gücləndirib, büdcə daxilolmalarını artırıb və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına töhfə verib.