Dövlət borcunun və dövlət zəmanətinin reyestri
Dövlət borcunun və dövlət zəmanətinin reyestri (register of public debt and public guarantee) – dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması məqsədilə müəyyən qaydada aparılan reyestr. Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən dövlət zəmanətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır. Reyestr elektron və kağız daşıyıcılardan istifadə edilməklə aparılır. Azərbaycan Respublikasının borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumat müvafiq öhdəliyin rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil edilməlidir. Reyestrə öhdəliyin yaranma tarixi, qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə ödənişlər, öhdəliklərin təminatı formaları və sair barədə məlumatlar daxil edilir. Reyestrin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikasının dövlət borcunun həcminə və tərkibinə dair məlumat açıqdır və internet şəbəkəsində yerləşdirilmə yolu ilə elan olunur. Bu məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin icrasına dair hazırlanan və qanunvericiliyə uyğun dərc edilən hesabatlara daxil edilir. Məlumatların dərc edilməli olduğu kütləvi informasiya vasitələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı