Dövlət maliyyə nəzarətinin formaları

From ..::Banker.az::..
Revision as of 16:18, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Dövlət maliyyə nəzarətinin formaları (forms of public finance control)''' – maliyyə nəzarəti üzrə kompleks tədbirlərin effektli həyata keçirilməsi üçün on...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət maliyyə nəzarətinin formaları (forms of public finance control) – maliyyə nəzarəti üzrə kompleks tədbirlərin effektli həyata keçirilməsi üçün onun mövcud iqtisadi şəraitə adekvat olması və bu şəraiti nəzərə alması çox vacibdir. Büdcə prosesinin ayrı-ayrı mərhələlərinin və komponentlərinin yoxlanılması və bütövlükdə onlara nəzarət forma baxımından konkret klassifikasiyaya bölünür. Büdcə prosesinin mərhələli nəzarət sistemi aşağıdakı kimi klassifikasiya olunur: ilkin nəzarət büdcə layihəsinin hazırlanması, onun müzakirəsi və təsdiqi mərhələsinə aiddir. İlk baxışdan mücərrəd görünən bu nəzarət növü, əslində, çox vacib bir işin – büdcənin ayrı-ayrı sahələr və onlara məsul instansiyalar tərəfindən ortalığa çıxarılan ehtiyaclar bir daha nəzərdən keçirilir və büdcə layihəsinin hazırlanması zamanı müxtəlif şişirdilmələrin qabağı alınır. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda büdcə prosesinin bu mərhələsinə nəzarət hələ kifayət qədər amorf şəkildə həyata keçirilir və nəticə etibarilə növbəti ilin büdcə ehtiyacları hökumət səviyyəsində əldə edilmiş razılığın (konsensus) nəticəsi kimi öz əksini tapır. Cari (operativ) nəzarət əslində bütövlükdə büdcəyə nəzarətin əsas bel sütunu kimi ən geniş yayılmış mərhələsidir.

Büdcənin icrası cəmiyyət və dövlət üçün nə qədər vacib və taleyüklü bir məsələdirsə, həmin prosesə nəzarət də bir o qədər önəmli işdir. Büdcənin icrası prosesi kifayət qədər çoxşaxəli və mürəkkəb bir proses olduğundan ona nəzarət də olduqca böyük zəhmət, bilik və bacarıq və çox halda siyasi iradə tələb edir. Bütün bu işləri səmərəli şəkildə həyata keçirmək üçün dövlət maliyyə nəzarəti sistemi işlək və çevik olmalıdır. Azərbaycanda büdcənin icrasına nəzarət tam qənaətbəxş səviyyədə olmasa da, son illər Hesablama Palatasının yeni təşəbbüsləri sayəsində bu istiqamətdə aktivlik nəzərə çarpmaqdadır. Sonrakı nəzarət əsas etibarilə artıq sona çatmış maliyyə ili büdcəsinin yoxlanılması ilə bağlıdır. Bu mərhələdə ilk öncə büdcənin ayrı-ayrı istiqamətləri üzrə icranın onun planlaşdırılmış səviyyəsinə uyğunluğu, əgər fərq qeydə alınıbsa, onun səbəbləri və s. araşdırılır. O cümlədən büdcənin icrasının səmərəliliyi də nəzərdən keçirilir ki, bu da növbəti ilin büdcəsinin hazırlanmasında böyük əhəmiyyət daşıyır.

Maliyyə nəzarətinin subyektləri müxtəlifdir. İlk öncə onlara dövlət idarəetmə orqanları (prezident, hökumət, parlament, vergi orqanları, digər ixtisaslaşmış maliyyə-yoxlama strukturları), o cümlədən nazirliklərin daxili yoxlama qurumları, müəssisələrin iqtisadi-maliyyə idarələri, audit yoxlamaları, qeyri-hökumət təşkilatları və s. Dövlət maliyyə nəzarəti həm də kənar nəzarət və daxili nəzarət kimi təsnifləşdirilir. Kənar nəzarət xüsusi olaraq yaradılmış və nəzarət obyektindən funksional, təşkilati asılılığı olmayan dövlət maliyyə orqanları tərəfindən icra hakimiyyəti orqanlarının fəaliyyətləri üzərində maliyyə nəzarətini təmin etmək məqsədilə həyata keçirilir. Daxili nəzarət icra hakimiyyəti orqanlarının fəaliyyətləri üzərində maliyyə nəzarətini təmin etmək məqsədilə həmin orqanlar tərəfindən xüsusi olaraq yaradılmış qurum tərəfindən aparılır.




Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı