Lima bəyannaməsi
Lima bəyannaməsi (Lima declaration) – 1977-ci ilin oktyabrında İNTOSAİ-nin 9-cu qurultayında Lima şəhərində ali audit institutlarının iştirakı ilə bəyannamə qəbul olundu. Bəyannamədə auditin məqsədi, onun müstəqilliyinin təmin edilməsi, habelə ali audit institutunun parlament, hökumət və onun administrasiyası ilə münasibətlərinin tənzimlənməsi, ali audit institutunun gücü, auditin metodları, onun kadr təminatı və beynəlxalq təcrübə mübadiləsi, o cümlədən hesabatların hazırlanması məsələləri öz əksini tapmışdır. Bəyannamədə qeyd edilmişdir ki, audit öz-özlüyündə məqsəd deyil, maliyyə hesabatlılığını və dövlət idarəetmə sistemində cavabdehliyi təmin etmək üçün çox vacib komponentdir. Bəyannamənin əsas qayəsini kənar və daxili auditin (nəzarət) ayrı-ayrılıqda vacib amillər olması və eyni zamanda onların ehtiyac duyulduqda bir-birini tamamlamaq imkanları təşkil edir.
Bəyannamənin 3-cü maddəsinə əsasən, daxili nəzarət orqanları idarə və təşkilatların daxilində yaradılır, kənar nəzarət orqanları isə yoxlanılacaq təşkilatın strukturuna daxil deyil. Ali audit institutu kənar nəzarət orqanıdır. Daxili nəzarət xidməti həmin təşkilatın rəhbərinə tabe olmalıdır. Eyni zamanda, o, müvafiq təşkilati strukturun daxilində funksional və təşkilati müstəqilliyə malik olmalıdır. Xarici nəzarət qurumu olaraq ali audit institutu daxili nəzarət xidmətinin effektivliyini yoxlamalıdır. Əgər daxili nəzarət sistemi effektlidirsə, ali audit institutu ilə daxili nəzarət subyekti arasında vəzifə bölgüsü və əməkdaşlıq lazımdır. Bəyannamənin 5-ci maddəsi cox vacib məsələyə, ali audit institutunun müstəqilliyinin təmin edilməsinə həsr olunmuşdur.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı