Mərkəzi bank
Mərkəzi bank (central bank) – bank sisteminin əsas tənzimləyici bankı və ya son instansiya kreditoru. Bütün inkişaf etməkdə olan və bir çox inkişaf etmiş ölkələr kredit sistemini bəzən hökumətin təlimatı ilə, bəzən isə öz muxtar səlahiyyətləri ilə nəzarət altında saxlayan mərkəzi banklara sahibdirlər. Mərkəzi banklar qısamüddətli faiz dərəcələrini müəyyənləşdirmək səlahiyyətlərinə malikdirlər. Bəzən isə onlar monetar siyasət vasitəsilə məcmu tələbə və biznes tsiklinə təsir göstərmək istəyirlər. Hal-hazırda mərkəzi bankların səlahiyyətlərinin hüdudları və onların hökumətlə münasibətləri geniş diskussiya mövzusudur. Məsələn, bəzi ölkələrdə inflyasiya hədəfini hökumət, buna uyğun faiz dərəcələrini isə mərkəzi banklar müəyyən edirlər. Eyni zamanda, mərkəzi bankların kommersiya banklarına nəzarət və emissiya funksiyalarında da dəyişikliklər baş verir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı