Linaburq-Maduell Şəffaflıq İndeksi

From ..::Banker.az::..
Jump to: navigation, search

Linaburq-Maduell Şəffaflıq İndeksi (Linaburg-Maduell Transparency Index) – Linaburq-Maduell Şəffaflıq İndeksi Suveren Rifah Fondları İnstitutunun (Sovereign Wealth Fund Institute) aparıcı tədqiqatçıları olan Karl Linaburq və Maykl Maduell tərəfindən işlənib hazırlanmışdır. Bu indeks müxtəlif fondların (burada söhbət əsas etibarilə neft fondlarından gedir) şəffaflığının qiymətləndirilməsini nəzərdə tutan metoddur. Adətən hökumətə məxsus olan, təbii resursların satışından daxilolmalar və transferlər hesabına öz aktivlərini formalaşdıran belə fondlar özündə həddən artıq iri maliyyəni cəmləşdirir (2008-ci il üçün olan son məlumatlara əsasən qlobal miqyasda 3.85 trilyon dollar) və bir çox hallarda bütün investisiya əməliyyatları ilə bağlı ictimaiyyətə geniş məlumat vermirlər. Bu isə həm milli sərvətlərdən səmərəli və ədalətli istifadəni kölgə altında qoyur, həm də qlobal iqtisadi təhlükəsizliyə və makroiqtisadi tarazlığa təhlükədir. Bütün bu riskləri nəzərə alaraq qlobal miqyasda məhz Norveç hökumətinin Qlobal Pensiya Fondu geniş şəffaflaşma prosesini başlatdı və Linaburq-Maduell Şəffaflıq İndeksi, demək olar ki, bu fondun fəaliyyəti ətrafında formalaşdı. İndeks suveren fondların şəffaflığını geniş ictimaiyyətə nümayiş etdirə bilən 10 təməl prinsipə əsaslanır. Hər bir prinsipin bu və ya digər fond tərəfindən ödənməsi onun indeks reytinqinə 1 şəffaflıq balı əlavə edir. Başqa sözlə desək, hər prinsip bir balla qiymətləndirilir. İndeks üzrə minimum reytinq 1, maksimum reytinq isə 10 bala mütənasibdir. Suveren Rifah Fondları İnstitutunun tövsiyəsinə görə, adekvat şəffaf fond 8 baldan çox reytinqə malik olan fondlar hesab edilir. Fondlar ictimaiyyətə əlavə məlumatlar açıqladıqca şəffaflıq reytinqi dəyişə bilər. Şəffaflıq indeksinin konseptual prinsipləri çox ehtiyatla seçilib və baza məlumatlarını kifayət qədər əhatə edir. Beləliklə, Linaburq-Maduell Şəffaflıq İndeksinin məlumatlılıqla bağlı əsas prinsipləri bunlardır:

– müvafiq fond yaranma tarixi və zərurəti, aktivlərinin mənbəyi, fonddakı dövlət mülkiyyətinin strukturu barədə məlumatla ictimaiyyəti təmin edir;

– fond müstəqil audit yoxlaması aparılan illik yenilənmiş hesabatlarını açıqlayır;

– fond mülkiyyətçisi olduğu şirkətlərdəki pay faizini və bunların coğrafi yerləşməsini açıqlayır;

– fond bazar dəyərinin, daxilolmalarının və idarəetmə kompensasiyalarının ümumi portfelini açıqlayır;

– fond etik standartlar və investisiya siyasətləri toplusu hazırlayıb yayımlayır və bunların icrası üçün konkret məsul şəxs təyin edir; – fond aydın şəkildə strategiyalarını və məqsədlərini açıqlayır;

– əgər tətbiq olunandırsa, fond subsidiyalarının əlaqə məlumatlarını açıqlayır;

– əgər tətbiq olunandırsa, fond xarici menecerlərini bəyan edir;

– fond özünün veb-səhifəsinə malikdir;

– fond öz əsas ofisinin yerləşmə ünvanını, telefon və faks nömrələri kimi əlaqə informasiyalarını açıqlayır.

Bu indeks üzrə Azərbaycan Dövlət Neft Fondu 2008-ci ildə kifayət qədər yüksək hesab olunan 9 bal toplayaraq 50-yə yaxın müxtəlif ölkə fondları arasında 7-ci olmuşdur. Eyni zamanda, bizim regionun iri neft fondlarına malik digər iki ölkəsi olan Rusiya və Qazaxıstanı da qabaqlamışdır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı