Balans (balans hesabatı, balans cədvəli)
Balance sheet - Bir-birini tamamlayan iki hissədən ibarət, müəyyən zaman müddətində hər hansı hadisə və ya fəaliyyətlə bağlı tarazlığı və nisbəti xarakterizə edən göstəricilər sistemi. Balansın bir tərəfi pulun və ya əmtəənin daxil olmasını (gəlirini, idxalını və s.), digər tərəfi isə həmin kəmiyyətdə pulun və ya əmtəənin xaric olmasını (ödənilməsini, ixracını və s.) ifadə edir. Bütün hallarda balansın tərəfləri kəmiyyətcə bərabər olur. Balans göstəriciləri həm natural formada, həm də pul formasında əks oluna bilər. İqtisadiyyatın bu və ya digər sahələrində müxtəlif məzmunlu balanslardan istifadə olunur. Məsələn, tədiyyə balansı, dövlətin gəlir və xərclər balansı (dövlət büdcəsi), mühasibat balansı, sahələrarası balans və s. Şirkətlər üçün əsas balans mühasibat balansıdır. Mühasibat balansı müəyyən zaman müddətində (aylıq, rüblük, illik) müəssisənin maliyyə fəaliyyəti haqqında məlumatları ümumiləşdirilmiş pul ifadəsində əks etdirən mühasibat sənədidir. Formasına görə mühasibat balansı iki hissədən (bölmə dən) ibarət cədvəldir. Birinci, yəni sol hissə aktiv, ikinci, yəni sağ hissə passiv adlanır. Mühasibat balansının aktivi maliyyə-təsərrüfat vəsaitlərinin tərkibi və yerləşdirilməsini, passivi isə həmin vəsaitlərin yaranma mənbələrini və məqsədli istiqamətlərini əks etdirir.
Yerli Iqtisadi Inkisaf Mərkəzi