13 C
Baku
Friday, November 22, 2024

Digər bölgələrdən “Qaçqınkom”a Qarabağ və Şərqi Zəngəzurda yaşamaq üçün müraciətlər olur – RƏSMİ

Azərbaycanın digər bölgələrindən Qarabağ və Şərqi Zəngəzurda yaşamaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) müraciətlər olur.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi mərhələli şəkildə aparılır. İlk növbədə, məcburi köçkün statusu olan şəxslərin öz ata-baba yurdlarında dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilir:

“Bu zaman bölgü mövcud qanunvericiliyə uyğun, eyni zamanda şəffaflıq, obyektivlik və ədalət prinsipləri rəhbər tutularaq püşkatma yolu ilə aparılır. Püşkatma isə Dövlət Komitəsinin və komitə yanında İctimai Şuranın, Prezidentin Xüsusi Nümayəndəliyinin, yerli icra hakimiyyətlərinin nümayəndələrinin, həmçinin kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə keçirilir. Hazırda icra olunan Dövlət Proqramında keçmiş məcburi köçkünlərin dövlət vəsaiti hesabına evlərlə, mənzillərlə təmin edilməsi nəzərdə tutulub”.

Sədr müavini qeyd edib ki, Azərbaycanın digər rayonlarından da Qarabağ və Şərqi Zəngəzurda yaşamaq üçün müraciətlər var:

“Digər rayonlardan olan sakinlərin işğaldan azad edilmiş ərazilərdə yaşamaq istəklərinə gəlincə, necə ki, məsələn, Lənkəran, Şəki sakini olan vətəndaş Azərbaycanın digər şəhər və rayonunda ev alıb yaşaya bilirsə, eləcə də kommersiya şərtləri ilə Qarabağ və Şərqi Zəngəzurda da ev və ya mənzil sahibi ola biləcək. Ancaq bu məsələyə Böyük Qayıdışın növbəti mərhələlərində baxılacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər