Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.
İş üzrə baxış iclası avqustun 10-a təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.