Daxili İşlər Nazirliyi vətəndaşların dələduzluğa məruz qalmamaları ilə bağlı məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə onlara SMS məlumatlar göndərir.
SMS mesajında vətəndaşlara cərimə, kommunal və digər ödənişlərlə bağlı internet seqmentlərində və sosial şəbəkələrdə yaradılan saxta səhifələrə etibar etməmələri, rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olmaları, dövlət qurumlarının, eləcə də bankların adından yaradılan saxta səhifələrə pul vəsaitlərini ödəməmələri tövsiyə olunur.
“Belə hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya onun sosial şəbəkə hesablarına müraciət edə bilərlər. Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk”, – deyə bildirilib.
Vətəndaşlara bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.
Elektron Təhlükəsizlik Xidmətindən də bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq sosial media hesabları və media vasitəsilə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir: “Belə ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir. Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir”.
“Həmçinin, hər hansı qurum adından bu cür mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla dəqiqləşdirmək tövsiyə olunur”, – deyə bildirilib.