10 C
Baku
Wednesday, December 11, 2024

“Dinməver” vergisi nədir? – Ekspertdən araşdırma

2007-ci ildə Vergi tarixindən məqalə yazmağı qərara gəldim. Bunun üçün mənə, bu sahədə peşakar biliyə malik olan şəxs lazım idi. Bir iki, tanışlardan öyrəndim ki, ən yaxşı vergi sahəsini bilən şəxs, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsi”nin rəisi Akif Musayevdir (hazırda təqaüddədir).

Ondan bəzi məsləhətlər almaq üçün, yollandım Vergilər Nazirliyinə. Düzü məni onun yanına buraxmırdılar. Akif müəllimlə daxili telefonla əlaqə saxladıqdan sonra, qəbul şöbəsində oturan polis serjantı paradnıy xoddan (nazir və yüksək ranqlı şəxslər üçün nəzərdə tutulub) düz kabinetinə kimi müşahidə etdi. Mənim üçün bu şəxslə görüş, xüsusi əhəmiyyət kəsb edirdi. 

Çox səmimi, söhbətinə rəngarənglik qatan şəxs kimi yaddaşıma həkk olundu. Onunla söhbət o qədər maraqlı və zövqverici idiki, adam vaxtın getdiyini belə hiss etmirdi. Sonda bir neçə kitabını, mənə hədiyyə etdi. Bu günlərdə həmin kitablardan biri olan “Vergi Mədəniyyəti” kitabını yenidən oxuyanda “Dinməver” vergi adlı mövzu, xüsusi diqqətimi çəkdi. Bu mövzu real bugünkü günü tam əks etdirməsədə, amma bu mövzuda ibrətamizlik var. Mövzu Azərbaycan nağıllarından olan “Xəsis Culfa və Keçəl” barədədir. Nağılda əhvalatın maraqlı hissəsi Teymurla Culfanın dialoqundadır.

“Teymur birbaş gəldi Culfanın yanına və dedi:

– Padşahdan sənə əmr gətirmişəm.

Culfa təəccüblə soruşdu: 

Nə əmr?

Teymur:

– Hələ qabaqca de görüm, başında keçəllik var, ya yox?

Culfa:

– Sənə nə var?

Teymur:

– Uzun danışma. De görüm, keçəlsən, ya yox?

Culfa:

– Tutaq ki, keçələm, nə olsun?

Teymur:

– O olsun ki, yüz manat ver.

Culfa:

– A keçəl, nə yüz manat?

Teymur:

– Keçəl deyilsən?

Culfa:

– Yoxsa səni keçəllərdən vergi yığan seçiblər?

Teymur:

– Bəli.

Culfa:

– Əlində fərmanın varmı?

Teymur:

– Bəli, var.

O padşahın hökmünün birinci bəndini ona göstərdi. Culfa gördü doğrudur, dedi:

– Ay oğul, sən bizim öz uşağımızsan. Görürsən ki, mən bir kasıb Culfayam, çörək pulunu güclə qazanıram.

Teymur guya təəccübləndi:

– Nə? Culfasan?

Culfa:

– Əlbəttə. Özün bilirsən ki, Culfayam.

– Elə isə 100 manat da ona görə verəcəksən.

Teymur bunu deyib əmrin 2-ci bəndini göstərdi.

Culfa özünü itirib qışqırdı:

– Vay! Ay Fatma, gəl gör bu nə deyir?

Teymur elə bil bunu gözləyirdi:

– Nə? Sənin arvadının adı Fatmadır?

Culfa lap özünü itirmişdi:

– Bəs bilmirsən ki, arvadımın adı Fatmadır?

Teymur bic-bic gülümsədi:

– Hə, onda 100 manat da ona verəcəksən! Tez ol, işim var. Padşah məni gözləyir. Tələsirəm.

Culfa gördü ki, çarə yoxdur. Dedi:

– Ay keçəl, bu gün pulum yoxdur. Sabah eşşəyimi bazara çıxarıb sataram, vergini ödəyərəm.

Teymur:

– Necə? Sənin eşşəyin də varmış?

Culfa cavab verdi:

– Əlbəttə. Bilmirsən ki, bir uzun qulağım var?

Teymur:

– 100 manatda buna görə verəcəksən. 

Culfa baxıb gördü ki, fərmanda bu da var. Dedi:

– Ay zalım oğlu, əlinə fürsət düşüb deyə Sərxanbəyliyə od vurmaq istəyirsən?

Teymur:

-Sən Sərxanbəylidənsən?

Culfa:

– Əlbəttə. Sərxanbəylidən olduğumu bilmirsən?

Teymur:

-100 manatda da verəcəksən.

Culfa:

– Evin yıxılsın, sənin fikrin məni öldürməkdir. Mən bu qədər pul versəm müflis olaram. 

Teymur:

– Demək vermək istəmirsən? Padşahın fərmanını pozduğuna görə əlavə 1000 manat verməlisən.

Culfa baxdı ki, bu bənd də padşahın əmrində var. Əlacsız qalıb, bütün pullarını verdi. Daha danışmağa qorxurdu. “Dinməver” vergisi qanun statusu aldığı üçün fərmanı yerinə yetirməmək insanın öldürülməsi ilə nəticələnə bilərdi. 

Nağılın sonu tək vergi yükünün ağırlığı barədə deyil, həm də onu ödəyənin əlacsızlığı barəsindədir. Bu nağılın nə qədər real hadisələrə uyğunluğunu əks etdirmək məqamını, oxucuların ixtiyarına buraxıram.

 

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər