18 C
Baku
Wednesday, October 15, 2025

“Dior” və “Louis Vuitton” brendlərinin sahibinin səhmləri son 24 ildə ən yüksək artım göstərib

Louis Vuitton, Christian Dior, Tiffany, Bulgari və Loro Piana kimi brendlərə sahib olan Fransanın LVMH şirkətinin səhmləri oktyabrın 15-də Paris birjasında 14,8% artaraq €611,8 səviyyəsinə yüksəlib. Bakı vaxtı ilə saat 15:11-də artım 14,17%-ə qədər zəifləyib, qiymət isə €608,3 olub.

Bloomberg yazır ki, bu artım LVMH-nin demək olar ki, 25 il ərzində ən böyük kapitalizasiya yüksəlişinə səbəb olub. Şirkət üçüncü rübdə satışların orqanik artımı barədə məlumat verdikdən sonra lüks məhsullar sektorundakı durğunluğun zəiflədiyinə dair siqnallar yaranıb. Fransız milyarderi Bernar Arnonun nəzarətində olan LVMH-nin nəticələri, xüsusilə Çində lüks məhsullara tələbin artması sayəsində yaxşılaşıb.

Səhmlərin 14%-lik artımı 2001-ci ilin sentyabrından bəri ən böyük birgünlük yüksəliş olub. Bu artım Avropa və ondan kənarda digər lüks brend istehsalçılarının səhmlərini də dəstəkləyib: Kering (Gucci) 8%-dən çox, Hermès 6%, Prada isə (Honkonq birjasında) 8%-ə yaxın bahalaşıb.

LVMH-nin rüblük orqanik satışları 1% artaraq €18,28 milyard ($21,17 milyard) təşkil edib. Bu, iki rüb davam edən azalma tendensiyasını dayandırıb və Çində tələbin bərpasına ümid yaradıb.

Şirkətin bütün bölmələrinin göstəriciləri analitiklərin proqnozlarını üstələyib. Asiya regionu (o cümlədən Çin) 2025-ci ildə ilk dəfə müsbət nəticə göstərib — üçüncü rübdə satışlar 2% artıb (ilin birinci yarısında 9% azalmışdı). ABŞ-də satışlar 3% artıb, Avropada isə 2% azalıb — turizm xərclərinin və valyuta dəyişikliklərinin təsiri ilə.

LVMH-nin maliyyə direktoru Sesil Kabanis qeyd edib ki, şirkət Çində “ruhlandırıcı tələbat” müşahidə edir.
JPMorgan analitiki Kiyara Battistini hesab edir ki, “bütün regionlarda iqtisadi bərpa tempinin artması gələn ildən davamlı böyümə üçün zəmin yaradır”.

LVMH — dünyanın ən böyük lüks məhsullar istehsalçısıdır. Şirkət 75 premium brendə və 6300-dən çox mağazaya malikdir. Qrupun tərkibinə Louis Vuitton, Dior, Moët & Chandon, Hennessy, Château Cheval Blanc və digər tanınmış istehsalçılar daxildir.

Son xəbərlər
Digər xəbərlər