“İranla diplomatik münasibətləri kəsmək qərarı Tehranın bundan sonrakı davranışından asılı olaraq hər an verilə bilər”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “BBC News Ukrayna” telekanalına müsahibəsində deyib.
“Bilirsiniz ki, mən prezidentə belə bir təklif vermişəm, bu məsələ tamamilə açıqdır. Qərar İranın gələcək davranışından asılı olaraq hər an verilə bilər”, – deyə Ukrayna diplomatiyasının rəhbəri bildirib.
O, əlavə edib ki, İranda hərbi infrastrukturu kimin vurduğunu bilmir. “Biz tarixən İrana heç bir pislik etməmişik. Onlar Rusiyaya kamikadze döyüş aparatları tədarük etməyə başladılar. Onlar xətti keçdilər”, – Kuleba qeyd edib.
Nazir həmçinin hücumları siqnal adlandırıb ki, “Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, sizi əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan qat-qat artıq olacaq”.