6 C
Baku
Monday, December 16, 2024

Diplomatlara yeni müavinətlər və kompensasiya ödəniləcək

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödəniləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödəniləcək. Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət veriləcək.

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilməsi təklif olunur. Eyni zamanda diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq təmsilçilik müavinəti ödəniləcək.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Layihədə qeyd olunur ki, Bu Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda tutduğu vəzifədən azad edilərək geri çağırılmış, diplomatik xidmət orqanlarında qulluğuna və ya əmək müqaviləsinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə bu Qanunun müddəaları şamil olunmur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər