Bakının Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlar 14,8 mln. manat məbləğində güzəştli kredit almaq üçün Sahibkarlığın İnkişafı Fonduna (SİF) müraciət ediblər.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“29-30 mart tarixlərində İqtisadiyyat Nazirliyinin rəhbərliyi ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 410 sahibkarla fərdi qaydada görüşlər keçirib. Görüşlərdə onların problemlərinin həlli mexanizmləri müzakirə olunub. 346 sahibkar ümumi məbləği 14,8 mln. manat olan güzəştli kreditlərdən istifadə etmək istədiklərini bildirib. Hazırda fond kreditlərin verilməsi üçün sahibkarlarla məsləhətləşmələr aparır”, – deyə məlumatda bildirilir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 min kvadratmetr olan 350-yə yaxın ticarət obyekti beş ay icarə haqqı ödənilməmək şərti ilə istifadə üçün sahibkarlara təklif edilib. İki gün davam edən məsləhətləşmələr zamanı 380 sahibkar ümumilikdə 11,9 min kvadratmetr ticarət obyektinə ehtiyac olduğunu bildirib.
“Diqlas” ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib. FHN-in ilkin qiymətləndirmələrinə görə, yanğına səbəb mərkəz rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması olub. Binada daxili yanğınsöndürmə sistemləri olmayıb.
Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb. Gələn həftə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanılacaq.*